Tanınmış təhsil eksperti, BMU-nun pedoqogika kafedrasının  professoru Əjdər Ağayevin 80 yaşı tamam olur Tanınmış təhsil eksperti, BMU-nun pedoqogika kafedrasının professoru Əjdər Ağayevin 80 yaşı tamam olur

, baxılıb - 151 dəfə

 

Əjdər Ağayev 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1953-1954-cü tədris ilində Salyan şəhərindəki 2 nömrəli orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra indiki ADPU-nun tarix-filologiya fakültəsinə qəbul olub, çoxları kimi sadə tələbə ömrü yaşayıb, arayıb-axtarıb, yuxusuz gecələr, narahat gündüzlər keçirib. Tarixçi kimi düşünüb-daşınıb, filoloq kimi ruhən qidalanıb, hər iki ixtisasın incəliklərinə yiyələnərək arzusunda olduğu müəllimlik peşəsinə qovuşub. Ali pedaqoji məktəbi əla qiymətlərlə bitirdikdən sonra Salyan rayonunun kənd məktəblərində müəllim, tədris hissə müdiri, ictimai əsaslarla rayon təhsil şöbəsində inspektor-metodist kimi fəaliyyət göstərib, eyni zamanda dövri mətbuatda pedaqoji-metodik və publisistik yazılarla çıxış edib.

Yazıb-yaratmağa, elmi axtarışlar aparmağa olan daxili ehtiras, mənəvi ehtiyac onu pedaqoji elmlərin baş qərargahına – Azərbaycan ETPEİ-yə (indiki Təhsil İnstitutuna) gətirir.1966-1969-cu illərdə aspiranturada əyani təhsil alır.Apardığı elmi-tədqiqatları ümumiləşdirərək professor Ə.Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Namizədlik dissertasiyasında (1970) və onun əsasında hazırladığı “Fərhad Ağazadənin pedaqoji görüşləri” (1987) monoqrafiyasında Fərhad Ağazadənin dünyagörüşünün formalaşdığı ictimai-iqtisadi şəraiti, dövrün maarif mənzərəsini geniş şərh edir, ictimai-siyasi baxışlarının və yaradıcılığının ideya mənbələrini müəyyənləşdirir, həyatı və pedaqoji fəaliyyətinin mühüm məqamlarını, məktəb və müəllim, təhsilin məzmunu, təlimin prinsip və üsulları, ana dili və onun tədrisi problemlərini, böyüyən nəslin əxlaq, əmək, fiziki, estetik, dini və ailə tərbiyəsini, qadın təhsili haqqında fikirlərini sələflərinin və dövrün ictimai-siyasi hadisələri kontekstində, müqayisəli şəkildə tədqiq edir, gənc nəslin tərbiyəsində həmin irsdən istifadənin imkan və yollarını müəyyənləşdirir.

Hələ tələbəlik illərində mətbuatda və kütləvi informasiya vasitələrində bədii yazılarla çıxış edən Əjdər müəllim elmi-pedaqoji səciyyəli məqalələri ilə də diqqəti cəlb edir, az bir müddətdə pedaqoji elmdə səlahiyyətli söz sahibinə çevrilir. İctimai fəallığı, zəngin nəzəri və praktik pedaqoji hazırlığı, tədqiqatçılıq səriştəsi, geniş yaradıcılıq imkanları ilə seçildiyinə görə qısa bir müddətdə işlədiyi institutda baş elmi işçi, bölmə müdiri, şöbə müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışır.1974-1981-ci illərdə pedaqoji biliklərin təfəkkür mərkəzi hesab edilən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olarkən jurnalın poliqrafik və elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə xeyli əmək sərf edir. Bununla da o, Azərbaycanda pedaqoji jurnalistikanın inkişafına dəyərli töhfə vermiş olur

Professor Ə.Ağayevin yaradıcılıq kredosu çoxşaxəlidir.Onun əsas tədqiqat sahəsi pedaqogika tarixi olsa da, həm də mükəmməl təhsil-tərbiyə nəzəriyyəçisi kimi tanınır. Son 50 ilə yaxın bir dövrdə Azərbaycanda məktəb, təhsil, pedaqoji elmlərlə bağlı elə bir elmi məclis, elmi-nəzəri və praktik konfrans, elmi sessiya və yığıncaq olmaz ki, Ə.Ağayev orada iştirak etməsin, orijinal fikirləri, yeni elmi ideyaları ilə həmkarlarının diqqətini cəlb etməsin, səmərəli və ağıllı təklif irəli sürməsin. O, respublikamızdan kənarda da ölkəmizi layiqincə təmsil edib. Moskva, Qomel, Ulyanovsk, Vilnüs, Riqa, Tbilisi, Kiyev, Minsk şəhərlərində keçirilən elmi konfranslarda maraqlı məruzələrlə çıxış edib, uzun müddət SSRİ PEA-nın pedaqogika tarixi üzrə elmi-problem şurasının üzvü olub. Türkiyə, ABŞ, Macarıstan, Estoniya və Ukraynada vətəndaş cəmiyyəti quruculuğu-vətəndaş təhsili üzrə təcrübə mübadiləsində olub. O, həm də pedaqogikanın metodoloji problemlərinin araşdırılmasına həsr olunmuş diskussiyalarda fəal iştirak edir, dəqiqləşmələrin aparılmasına, mühüm elmi həqiqətlərin üzə çıxarılmasına, yeni pedaqoji nəzəriyyələrin formalaşmasına öz töhfəsini verir. Elə bunun nəticəsidir ki, araşdırmalarının elmi nəticələrindən fəlsəfə, hüquq, pedaqogika və ədəbiyyatşünaslıq üzrə tədqiqatçılar, proqram və dərslik tərtibçiləri mənbə kimi istifadə edir, adı pedaqogika elminin “qızıl sacayaqları” (M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov) və “sütunları” ilə (H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov və b.) bir yerdə çəkilir.
Elmi xidmətləri ilə Azərbaycan pedaqogika elminin son dövr tarixinə daxil olan professor Ə.Ağayevin elmi-pedaqoji irsində məktəb və pedaqogika tarixinin öyrənilməmiş və ya az araşdırılmış məsələlərinin tədqiqi, tərbiyə nəzəriyyəsi və təcrübəsinin (xüsusilə, əxlaqi-mənəvi tərbiyə) ümumiləşdirilməsi, təlim-tərbiyənin prinsip və metodlarının təkmilləşdirilməsi, təhsilin yeni məzmununun müəyyənləşdirilməsi, pedaqoji biliklərin geniş təbliği və digər məsələlər geniş yer tutur. O, ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərini (həm də pedaqoji cərəyanları) müəyyənləşdirərək təhlilini verib.

Əjdər Ağayev “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş olmağa borclusan” (1979), “Həyatın astanasında” (1983) kitablarında və silsilə məqalələrində şagirdlərin vətəndaşlıq tərbiyəsi işinin metodikasını işləmiş, tərbiyənn bir sıra yeni prinsiplərini (xüsusilə, sahiblik prinsipini) müəyyənləşdirib.

Ötən əsrin 70-ci illərində keçmiş İttifaqda, o cümlədən Azərbaycanda görkəmli pedaqoqların (bəzən də heç pedaqoq olmayanların) pedaqoji görüşlərinin tədqiqi dəb olduğu bir vaxtda, ilk dəfə Ə.Ağayev problem xarakterli mövzunun – şəxsiyyət haqqında Azərbaycan pedaqoji fikir klassiklərinin ideyalarının müddəa və mülahizələrinin tədqiqinə girişir. “Azərbaycan maarifpərvərləri şəxsiyyət və onun formalaşması haqqında” (1974), “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” (1978) kitabları və silsilə məqalələri ilə pedaqoji fikir tarixinin tədqiqində yeni cığır açır.Həmin problemlə bağlı uzun illər səmərəli tədqiqatlar aparır.Sistemli və ardıcıl tədqiqatlarını “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” mövzusunda yazdığı doktorluq dissertasiyası ilə tamamlayır.Həmin dissertasiyaya görə, AAK-ın Rəyasət Heyəti cəfakeş alimə pedaqoji elmlər doktoru alimlik dərəcəsi verməklə yanaşı, həm də professor elmi adının verilməsi haqqında qərar qəbul edir.Əsərin belə uğur qazanmasının səbəbi nə idi?Ə.Ağayevin gərgin zəhmətinin və istedadının vəhdətindən yaranan bu əsərin məziyyətlərinə, orijinallığı ilə seçilən ideya, fikir və təkliflərin bəzilərinə nəzər yetirsək, bizcə, bu müvəffəqiyyətin səbəbləri məlum olar.

Bu əsərdə Azərbaycan ictimai-pedaqoji fikir tarixində şəxsiyyətin formalaşması probleminin qoyuluşu, məzmunu, həlli yolları üzə çıxarılır, ümumiləşdirilərək mahiyyəti şərh olunur, müasir dövrdə təlim-tərbiyə işində klassik pedaqoji fikir dəyərlərindən istifadənin başlıca imkanları müəyyənləşdirilir. Milli pedaqoji dəyərlər ayrılıqda deyil, ümumbəşəri dəyərlər, dünya ictimai fikrində, elmində və mədəniyyətində yaranan bütün mütərəqqi ideyaların məcmusu fonunda tədqiq olunur, şəxsiyyət haqqında fikirlərin meydana çıxması, dini və elmi yanaşmaların inkişaf istiqamətləri müəyyənləşdirilir, “şəxsiyyət”, “insanın inkişafı”, “şəxsiyyətin formalaşması” anlayışlarının müasir pedaqoji, psixoloji, fəlsəfi, sosioloji ədəbiyyatda izahı müqayisəli olaraq təhlil edilir və bunlara münasibət bildirilir.

Azərbaycan mütəfəkkirlərinin fəlsəfi, ictimai-pedaqoji və bədii irsində şəxsiyyətin mahiyyəti məsələsini araşdıran Ə.Ağayev qədim dövrün filosoflarından Anakarın, orta əsr mütəfəkkirlərindən Ə.Bəhmənyarın, E.Miyanəçinin, Ş.Sührəvərdinin, S.Urməvinin, N.Tusinin, H.Qəzvininin, M.Şəbüstərinin və digər mütəfəkkirlərin şəxsiyyətə dair fikirlərini təhlilə cəlb edir və diqqətəlayiq nəticələr çıxarır. Əsərdə şəxsiyyətin formalaşmasına təsir edən irsiyyət, mühit, tərbiyə amillərinin roluna dair fikirlər ətraflı təhlil edilir, ümumiləşdirilir, fərqlər və eyniliklər üzə çıxarılır.Şəxsiyyət tərbiyəsinin məqsədi, məzmunu, vasitə və metodları yeni yönümdən təsnif edilir, məktəbli şəxsiyyətinin formalaşmasında tarixi-nəzəri fikir və təcrübədən istifadənin optimal imkanları müəyyənləşdirilir, dəyərli təkliflər irəli sürülür.

Əjdər Ağayev şəxsiyyət tərbiyəsində bioloji, sosial və mənəvi amillərin təsir dairəsini müəyyənləşdirib, inkişaf və tərbiyənin dinamik əlaqəliliyini tədqiqata cəlb edib, şəxsiyyətin formalaşması ilə bağlı dünya elmində mövcud olan, mirvari kimi səpələnmiş fikir və ideyaları toplayıb, sistemə salıb, müasirlik baxımından cilalayıb, şəxsiyyətin bütün parametrlərini nəzərə alaraq, ideoloji şablondan, milli-məhəlli məhdudluqdan uzaqlaşaraq bitkin konsepsiya irəli sürüb.

Xalqımızın ümumi tarixinin mühüm tərkib hissəsi olan məktəb tarixinin öyrənilməsi və təbliği sahəsində professor Ə.Ağayev elmi səy və fədakarlıq göstərib. O, “150 yaşlı Şuşa məktəbi” (1982). “Ötən əsrdə doğulmuşlardan biri” (1993) kitab və silsilə məqalələrində çarizmin Azərbaycandakı təhsil siyasətinin (ruslaşdırma və xristianlaşdırma) mahiyyətinə aydınlıq gətirib, tədris işlərinin elmi mənzərəsini şərh edib, məktəb işlərinin təşkilini elmi-pedaqoji prizmadan təhlil edib. “Sona xanım Tağıyeva” (1995) kitabçasında isə Bakıdakı 190 nömrəli məktəbin uğurları təhlilə cəlb olunur, qabaqcıllığın sirri aşkarlanır, 50 il həmin məktəbə rəhbərlik etmiş, bu sahədə saç ağartmış, həyatını şagirdlərinin ömrünə köçürmüş Sona xanım Tağıyevanın həyat yolu işıqlandırılır.
Ə.Ağayev pedaqogikanın nəzəri-metodoloji məsələlərinin də tədqiqi ilə məşğul olub, xüsusilə, pedaqoji elmin anlayış-terminologiya sisteminin, təlim-tərbiyənin metodlarının təkmilləşdirilməsi ilə bağlı dəyərli fikirlər söyləyib, “Pedaqogika terminlərini dəqiqləşdirmək vacibdir” (1980), “Tərbiyənin metodları” (1980), “Tərbiyənin prinsipləri və onların təlim-tərbiyə prosesində reallaşdırılması” (1980), “Müasir dərs necə olmalıdır” (1988) kimi yüksək elmi-nəzəri əhəmiyyət daşıyan məqalələr yazıb.

Xalqımızın zəngin mədəni-elmi və təhsil-tərbiyə nəzəriyyəsi və təcrübəsi ilə keçmiş İttifaqın pedaqoji ictimaiyyətini tanış edən “Azərbaycan pedaqoji fikir antologiyası” (1989) adlı hikmət çələnginin hazırlanmasında, həmkarları ilə birlikdə Moskvada kütləvi tirajla nəşr edilməsində Əjdər müəllimin tərtibçi və müəllif kimi böyük xidmətləri olub.

İlkin müəllim hazlırlığının təkmilləşdirilməsi ilə bağlı onun ideya və fikirləri həmişə maraq doğurub, bu sahədəki fəaliyyəti təqdir olunub.Onun nəzəri tədqiqatları praktik dəyərliliyi ilə daha çox diqqəti cəlb edir. O, araşdırmalarının nəticələrini ali pedaqoji təhsilə tətbiq edərək ali pedaqoji məktəblər üçün “Pedaqogika” kitabları yazıb. Həmkarları ilə birlikdə qələmə aldığı “Pedaqogika” kitabları məzmun, mündəricə, şərh və təqdimetmə üslubuna görə fərqlənir, yeni yanaşma baxımından diqqəti cəlb edir. Onun müəllifliyi və elmi redaktorluğu ilə hazırlanan 8-11-ci siniflər üçün “İnsan və cəmiyyət” və təlim rus dilində olan məktəblərin II sinfi üçün “Azərbaycan dili” dərslikləri də yüksək elmi-metodik səviyyəsi, nəzəri və praktik əhəmiyyəti ilə seçilir.

Professor Ə.Ağayevin yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər və hekayələr mühüm yer tutur. Bədii yaradıcılığa keçən əsrin 50-ci illərində “Azərbaycan pioneri” qəzetində dərc olunan “İlk və son mahnı” adlı hekayəsi ilə başlayan pedaqoq-alim bu sahədə də maraqlı yaradıcılıq yolu keçib, gənc nəsillə bağlı arzu və düşüncələrini, uşaq həyatı ilə bağlı müşahidələrinin nəticələrini “Sülh gəmisinin kapitanı” (1982), “Payız” (1995), “Kosmos və mən” (1997),”Bala dadı, bal dadı” (1999), “Ceyran nənəm” (1999),”Gəlirəm, gözlə məni” (2000), “Fərhadın rəsmləri” (2008), “Allahın haqq bəndəsiyəm” (2008), “Pişik balasının səhvi” (2013) kitablarında əks etdirib. Uşaqların istək və arzularını, iç dünyasını, daxili aləmini, yaşıdlarına və yaşlılara münasibətlərini realist həyati lövhələrlə əks etdirən bu kitablar pedaqoji və bədii düşüncənin vəhdətindən yaranıb.

Görkəmli bəstəkarlar C.Cahangirov və D.Kobalevski ilə birlikdə yazdığı əsərlər uşaqların mahnı bayramlarında 10 minlik xorun ifasında səslənib, arxiv fonduna daxil olub. Bəstəkarlar T.Quliyev, S.Ələsgərov, R.Şəfəq, O.Rəcəbov, R.Mustafayev, M.Əhmədova onun şeirlərinə müraciət edib, mahnılar yazıblar. Əsərləri rus, belarus, Ukrayna, başqırd dillərində dərc olunub.

 

Azərbaycanda təhsil-tərbiyə nəzəriyyəsinin inkişafında klassik pedaqoqların bəşəri məzmun daşıyan, humanist istiqaməti ilə diqqəti cəlb edən nəzəri irsi mühüm rol oynayır.Bu irsin dəyərli nümunələrinin seçilməsi, Azərbaycanda nəşri və onlardakı pedaqoji siqlətin üzə çıxarılması da Əjdər müəllimin fəaliyyətində mühüm yer tutub. Onun Y.A.Komenski, K.D.Uşinski, A.S.Makarenko, N.K.Krupskaya və V.A. Suxomlinskinin pedaqoji irsinin öyrənilməsi ilə bağlı araşdırmaları yeniliyi ilə diqqəti cəlb edir. A.S.Makarenko və N.K.Krupskayanın ikicildlik əsərlərinin tərtibi və nəşri də onun adı ilə bağlıdır.

Ə.Ağayev pedaqogika elminin nəzəri və tarixi problemləri ilə bağlı sistemli və ardıcıl tədqiqat aparmaqla, səmərəli elmi-pedaqoji fəaliyyət göstərməklə kifayətlənməyərək onun təbliğinə də xüsusi diqqət ayırıb. Keçən əsrin 70-ci illərindən mütəmadi olaraq Azərbaycan televiziyasında təhsil-tərbiyənin müasir problemlərindən, gənclərin əxlaqi-mənəvi tərbiyəsindən bəhs edən “Sənin vətəndaşlıq borcun”, “Həyat bizi səsləyir”, “Ədəb-ərkan dünyamız”, “Təbliğatçının televiziya məktəbi”, “Təhsil: düşüncələr, mülahizələr” verilişlərinin müəllifi və aparıcısı olub. Bu gün də təhsil eksperti kimi obyektiv, prinsipial və arqumentasiyalı çıxışları ilə televiziya və radio verilişlərinin qonağı olur.

Ə.Ağayevin əsərləri tarixiliyi ilə yanaşı, müasirliyi ilə də maraq kəsb edir. O, Azərbaycan təhsilində aparılan uğurlu təhsil islahatlarının tələblərinə uyğun araşdırmalar aparır. Xarici təcrübənin Azərbaycan məktəblərində tətbiqinin səmərəli yollarını müəyyənləşdirir, yeni təhsil-tərbiyə texnologiyalarının mahiyyətinə aydınlıq gətirməklə praktik müəllimlərə dəyərli məsləhətlər verir. Bu cəhətdən onun “Təlim prosesi: ənənə və müasirlik” (2006) əsəri diqqəti cəlb edir.

Əjdər Ağayevin fəaliyyətində elmi-pedaqoji kadr hazırlığı mühüm yer tutur.Ayrı-ayrı vaxtlarda o, dissertasiya şurasının üzvü, həmsədri, sədri, Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvü kimi onlarla gənc tədqiqatçının xeyirxahı olub, pedaqogika elmi üzrə fəlsəfə və elmlər doktoru kimi yetişmələrinə xeyir-dua verib.Bilavasitə onun elmi rəhbərliyi ilə 52 nəfər doktorant pedaqogika üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi alıb.

Ə.Ağayevi həmkarlarından fərqləndirən əsas cəhət onun geniş erudisiyaya malik olmasıdır. O, elmi pedaqoji, ədəbi-bədii, publisistik-jurnalistlik istiqamətli zəngin irsə malikdir. 40 monoqrafiya, kitab, kitabça və broşuranın, 600-dən artıq qəzet-jurnal məqaləsinin, 100 mahnı mətninin müəllifidir. Son illərdə nəşr etdirdiyi “Pedaqoji fikrimiz: dünənimiz, bu günümüz”(2000), “Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” (2005), “Güneyqafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən” (2009), “Təhsil: tarixi nəzəri yanaşma” (ingilis dilində) (2011), “Məhəmmədhüseyn Şəhriyar” (2013), “Nəsillərə örnək olan insan” (2016), 2 cildlik “Seçilmiş pedaqoji əsərləri”(2011, 2013), 2 cildlik rus dilində “Seçilmiş pedaqoji əsərləri” (2014), 7 cildlik “Seçilmiş əsərləri” (2013-2016) pedaqogika elmimizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Zəngin əxlaq və fəzilət sahibi olan professor Əjdər Ağayevi elmi-pedaqoji ictimaiyyət pedaqogika elminin nəzəri, metodoloji və təcrübi problemlərinin tədqiqi, tədrisi və təbliğində böyük xidmətləri olan pedaqoq alim kimi yaxşı tanıyır, onun elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirir. O, ayrı-ayrı vaxtlarda Təhsil Nazirliyinin elmi-metodik şurasının, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, “Təhsil haqqında” Qanununu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqə komissiyasının təşkilat komitəsinin üzvü, Təhsil Cəmiyyətinin sədr müavini olub. Hazırda o, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin və məclisinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, “Bilik Fondu”nun metodiki şurasının üzvü, Təhsil Şurasının sədri , “Təhsil və zaman” qəzetinin baş redaktorudur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ə.Ağayev Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), “Araz” ali ədəbi və “Qızıl qələm” media (1997), akademik Mehdi Mehdizadə mükafatı laureatı, Beynəlxalq Dünya Sülh Federasiyasının “Sülhün səfiri” diplomunun sahibidir. Bu nailiyyətlər səksən illik şərəfli alim ömrünün zəhmət və istedad ilmələri ilə toxunan naxışlarıdır.Onun mənalı ömrü, zəngin təcrübəsi gənc tədqiqatçılar üçün dəyərli örnəkdir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017