Təhsil Sərgisi 2018: Uşaqların gələcəyinə sərmayə Təhsil Sərgisi 2018: Uşaqların gələcəyinə sərmayə

, baxılıb - 51 dəfə

11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018”  sərgisi keçiriləcək.  Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilir.

Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən, orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edir. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonla təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “IT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Sərgidə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş birləşmiş stendində Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Baki Slavyan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Lənkəran Dövlət Universiteti, və digər təhsil müəssisələri yer alır.

Sərgidə ADA Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti öz stendləri ilə təqdim olunur. Ümumilikdə, Azərbaycanın 18 ali təhsil müəssisələri sərgidə iştirak edir. Bu il Dərs Evi təhsil sahəsində fəaliyyət göstərən innovativ şirkət və “Sevimli Bala” uşaq bağçası sərgidə debüt edir. Sərgidə yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kursları ilə çıxış edir. 

“Education 2018” sərgisinin "Xaricdə təhsil" sektorunun daxilində Çex Respublikası, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edəcəklər. Litva (Study in Lithuania), Rusiya, Türkiyə (Study in Turkey) və Çex Respublikası öz təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə çıxış edirlər.

Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, həyata keçirilən ali təhsil və sosial interqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir.

Təhsil müəssisələrinin yeni və texnoloji baxımdan qabaqcıl avadanlıqlarla təchiz olunması daim gündəmdə olan məsələdir və sərgi bu avadanlıqların təchizatçı və istehsalçıları ilə tanış olmaq, eləcə də onlarla əlaqə yaratmaq üçün əla imkan yaradır. Sərgidə “Lucas-Nuelle GmbH”, “NTP Centr” (Belarus), “Didactic systems” (Rusiya), “Uchtech-Profi” (Rusiya) və “El Xolding” (Özbəkistan) şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, təhsil müəssisələri üçün proqram təminatı nümayiş olunur.

Bu il "Təhsil" sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək. Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçıları, eləcə də iştirakçılar və xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında iki tərəfli görüşlər keçiriləcək. Sərginin ikinci günü “Xaricdə və ya Azərbaycanda təhsil? Hansını seçmək lazımdır?” və “Böyümək dövrləri” adlı müzakirələrdə məşhur bloggerlər və həm yerli həm xarici nümayəndələr iştirak edəcəklər. Sərginin işgüzar proqramını isə “Mənim uğurumun hekayəsi” adlı tədbir yekunlaşdıracaq. Bu tədbirdə, sərgidə təqdim olunan universitetlərin məzunları öz fəaliyyətləri, təcrübələri və təhsillərində əldə etdikləri nailiyyətlər barədə ziyarətçilər ilə bölüşəcəklər.

Abituriyent və onların valideynlərində Bakı Ekspo Mərkəzinin 19 N-li otağında keçirilən " Xaricdə təhsil üçün sizə kömək edəcək 7 sual" və "Tələbəliyə doğru 5 addım" adlı seminarlar maraq doğuracaq. Sərginin bütün günləri, Rusiya universitetlərinin təqdimatı E1222 stendində keçiriləcək və sərginin ikinci günündə "Rusiya Federasiyasında xarici vətəndaşların təhsil imkanları və üstünlükləri" adlı mövzusunda seminar keçiriləcək. 

Bundan başqa, sərginin keçirildiyi bütün günlər ərzində foyedə dünyanın ən maraqlı Selfie-güzgüsü “My Mirror” fəaliyyət göstərəcək və burada qonaqlar və sərgi iştirakçıları fotoşəkillər çəkərək onları yerində əldə edə biləcəklər. Həmçinin sərgidə oyun zonası fəaliyyət göstərəcək. Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.eduexpo.az əldə edə bilərsiniz.

Təhsil sərgisi ilə paralel 12-ci Azərbaycan Beynəlxalq Karyera “Career 2018” sərgisi də start götürəcək. Sərginin əsas məqsədi - işəgötürən və iş axtaran arasında görüşün təşkilidir. Bu il “Karyera” sərgisində iştirakçılar arasında JTI Caucasus LLC, R-Pharm və digər şirkətlər ziyarətçilərə vakansiyalarını təqdim edəcəklər.

Azərbaycanın “R-Farm” layihəsi özündə laborator, istehsal və loqistika blokunu birləşdirən ilk farmasevtik kompleksdir. Şirkət sərgidə aşağıdakı vakant iş yerlərini təqdim edir: baş mühasib, hüquqşunas, əczaçı, anbar müdiri, keyfiyyətə nəzarət üzrə mütəxəssis, təchizat üzrə mütəxəssis, baş mexanik, baş energetik, baş metroloq, operator, fəhlə, təhlükəsizlik şöbəsinin rəhbəri, növbə rəisi, elektrik, mexanik, logistika üzrə menecer, qazanxana müdiri, SƏTƏM üzrə menecer, dərman preparatlarının qeydiyyatı və tənzimləmə məsələləri üzrə menecer, təcrübəçi. “Career 2018” sərgisi iş axtarışında olan hər kəs üçün açıq olacaq.

Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri “Koroğlu” metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Hotels & Resorts” mehmanxanaları (rəsmi otellər), yer alır.

 

https://eduexpo.az/az-opennews/6987.41.html

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018