Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransı Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransı

, baxılıb - 64 dəfə

Sentyabrın 11-də Pirallahı rayon müəllimlərinin 2017-2018-ci tədris ilinin yekunlarına və 2018-2019-cu tədris ilinin başlanmasına həsr edilmiş konfransı keçirilib. Tədbirdən əvvəl rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 100-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylanılıb.

Tədbirdə Pirallahı RİH-in, eləcə də idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedaqoji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov RİH başçısı Vasif İmanovun yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdırıb.

V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğulayıb, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd edib. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən söz açan V.Səfixanov Pirallahı rayonunun orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd edib ki, ümumilikdə 2017-2018-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar: “Belə ki, 6 məktəb üzrə 177 məzundan 131 abituriyent ali məktəblərə sənəd verib və bunlardan 101 nəfəri tələbə adını qazanıb. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2797 şagirdin təlim-tərbiyəsi ilə 243 müəllim məşğul olur. Rayon ərazisində yerləşən bütün orta məktəblər Dövlət Proqramına əsasən əsaslı təmir edilir, müasir avadanlıq və kompyuter sistemi ilə təchiz olunur. 2018/2019-cu tədris ilinə hazırlıqla əlaqədar 235 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri artıq yekunlaşdırılıb.”

 Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini, dosent İsa Qasımov, 186 saylı tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları ümummilli lider Heydər Əliyevin təhsillə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb, Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərməsini vurğulayıblar.

Daha sonra Beynəlxalq forumda Azərbaycanı uğurla təmsil edən gənc ixtiraçılar Reyhan Camalova və Zəhra Qasımzadə çıxışlarında öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər.

Sonra gənc nəslin təhsil və təlim-tərbiyəsində xidmətlərinə görə rayonun orta ümumtəhsil müəssisələrinin işçilərinin və qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilib.

Sonda V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - Bilik Günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzulayıb.

Orxan Vahidoğlu, “İki sahil”

http://ikisahil.az/?page=18&newsId=105916&lang=aze

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018