Heydər Əliyev Azərbaycanın milli dövlətçilik konsepsiyasını yaradıb Heydər Əliyev Azərbaycanın milli dövlətçilik konsepsiyasını yaradıb

, baxılıb - 159 dəfə

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir Azərbaycanın Dövlət himninin oxunması ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinə həsr olunan “Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı xüsusi guşə açılıb.

Tədbirdə müstəqilliyimizin ilk vaxtlarından, Ulu Öndərin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərdən bəhs edən sənədli film nümayiş olunub.

Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizi bərpa etsək də, 1993-cü ilin ilk vaxtları müstəqilliyimizin ən çətin dövrü idi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir və bununla da ölkədə gərginlik səngiyir, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olur. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olub.

“Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrilib. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaradıb. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”, - deyən rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə həmin dövrdə baş verən hadisələrin canlı şahidi olduğunu deyib. Akademik müasir müstəqil Azərbaycanın beynəlxalq layihələrə və qloballaşma prosesinə öz standartları ilə qoşulmasından da danışıb. Vurğulayıb ki, Azərbaycanın bu səviyyəyə çatmasının təməlində Ulu Öndərin müdrik siyasəti dayanır.

Digər çıxışlarda ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızın sürətli inkişafından, regionda və dünyada nüfuzunun daha da artmasından danışılıb.

Tədbirin sonunda YAP sıralarına daxil olan müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

https://azertag.az/xeber/1172392

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018