Həm sevdikləri işlə məşğul olur, həm də gəlir əldə edirlər Həm sevdikləri işlə məşğul olur, həm də gəlir əldə edirlər

, baxılıb - 17 dəfə

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin tələbələri ali təhsil ocağının texnoparkında maraqlı və faydalı işlə məşğul olurlar. Universitetin riyaziyyat fakültəsinin 5-ci kurs tələbəsi Xəyalə Qaybalıyeva da onlardan biridir. O, fincan, şəkil çərçivəsi və digər suvenirlər üzərində polimer gildən maraqlı əl işləri hazırlayır.

Xəyalə Qaybalıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, onun “Febellex” adlı layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan biznesə” startap turunun yarımfinalında ikinci yeri qazanıb.

“Febellex” layihəsi polimer gildən əl işi düzəltmək və onun onlayn satışını həyata keçirməyi əhatə edir. Biz bu texnoparkda polimer gildən müxtəlif fiqurlar, hədiyyələr hazırlayırıq. Polimer gil işlənərkən yumşaq olduğu üçün onu istədiyimiz formaya sala bilirik. Adətən hər hansı şəklə baxaraq onun bənzərini yaradır, sonra isə məhsulu sobada bişiririk. Yarım saat 110 dərəcədə bişdikdə məhsul bərkiyir, soyuduqdan sonra isə hər hansı bir hədiyyənin üzərinə yapışdırırıq. Daha sonra akril boyalarla bəzək verilir. Bu cür əşyaları daha çox sosial şəbəkələr vasitəsilə satırıq. Xüsusən bayram günlərində sifariş çox olur. Şablon hədiyyə olmadığı üçün maraqlananlar çoxdur. Əslində biz bunu layihə kimi fikirləşəndə bu qədər sifariş alacağımızı heç düşünməzdik”, - deyə Bakı Mühəndislik Universitetinin tələbəsi bildirir.

Xəyalə Qaybalıyeva ilə birgə texnoparkda fəaliyyət göstərən tələbələrdən biri də riyaziyyat fakültəsinin 5-ci kurs tələbəsi Əzizə Nuriyevadır. O, rəngli kağızlardan istifadə etməklə qutu və albomlar düzəldir. Deyir ki, əl işlərinə maraq böyükdür: “Biz dərsdən çıxdıqdan sonra bura gəlib həm dincəlir, həm də sevdiyimiz işlə məşğul oluruq. Bu işlə məndən başqa 1-ci kursda oxuyan iki tələbə də məşğuldur. Çalışıram onlara da öyrədim ki, biz tələbəlik həyatı ilə vidalaşdıqdan sonra, onlar bu işi davam etdirsinlər”.

Tələbə qızlar ali təhsil aldıqları məktəbdə həm sevdiyi işlə məşğul olur, həm də gəlir də əldə edirlər. Hobbiləri onların tələbə kimi maddi ehtiyaclarını qarşılamağa da kömək olur. Gələcəkdə isə onlayn satış həyata keçirmək üçün sayt və emalatxana açmaq fikrindədirlər.

https://azertag.az/xeber/Hem_sevdikleri_isle_mesgul_olur_hem_de_gelir_elde_edirler___Baki_Muhendisli

 

https://video.azertag.az/video/69922

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018