Gənc fiziklərə sertifikatlar verildi Gənc fiziklərə sertifikatlar verildi

, baxılıb - 180 dəfə

 

Onlar BMU-da təşkil olunan təlimlərdə iştirak ediblər

Oruc MUSTAFAYEV

Qlobal dünyanın müasir çağırışları rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafını təmin edəcək yüksək səriştə və biliklərə malik ixtisaslı kadr hazırlığını tələb edir. Gələcəyin yüksək ixtisaslı və hər gün dəyişən tələblərinə cavab verən mütəxəssis hazırlığında əsas ağırlıq isə təhsilin üzərinə düşür. Buna görə də gələcək inkişafımızı təmin edəcək keyfiyyətli kadr hazırlığı üçün məktəblərdə keçirilən müxtəlif bilik yarışmaları müstəsna əhəmiyyət kəsb edir. 

Dünən Bakı Mühəndislik Universitetində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinin birinci hissəsi olan təcrübə işinin nəticələrinə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. 

Orta məktəb şagirdləri arasında bilik yarışlarının istedadlı uşaqların aşkara çıxarılması işində mühüm əhəmiyyət daşıdığını deyən rektor bu cür müsabiqələrin şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini bildirib. H.Məmmədov artıq bir neçə ildir ki, BŞTİ-nin orta məktəb şagirdləri arasında keçirdiyi fənn müsabiqələrinin böyük təşəbbüs olduğunu vurğulayaraq, bu istiqamətdə aparılan tədbirlərin təqdirəlayiq hal olduğunu söyləyib. Rektor çıxışında gənc fiziklər arasında müsabiqənin BMU-da keçirilməsinin əhəmiyyətinə toxunaraq, müasir dövrdə kompüter, mühəndislik və informasiya texnologiyaları ixtisasları üzrə kadr hazırlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Digər tərəfdən də fənn müsabiqələrində uğur qazanmaları şagirdlərə universitet seçimində yaxından dəstək olur. O, BMU-nun tələbələrə verdiyi biliklərin bir çox gənci ali təhsil almaq üçün bu universiteti seçməsində xüsusu rol oynadığını diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bilik yarışının məktəblilərin fizika fənninə olan maraqlarının daha da artırılması məqsədilə təşkil edildiyini diqqətə çatdırıb. Bu cür müsabiqələrin BŞTİ tərəfindən ənənəvi olaraq keçirildiyini deyən idarə müdiri sürətlə inkişaf edən dünyanı texnologiyalarsız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çaxarılması vacibliyini qeyd edib. M.Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapmış mühüm istiqamətlərdən birinin də məhz məktəblilərin istedad və bacarıqlarının inkişaf etdirilməsi olduğunu bildirib. O qeyd edib ki, müsabiqənin məqsədi bir tərəfdən şagirdlərin yaradıcı potensialını üzə çıxarmaqdırsa, digər tərəfdən onların universitetlə bağlı məlumat əldə etmələridir. Müsabiqə Bakının bütün 12 rayonu üzrə 804 şagird, 362 nəfər pedaqoji heyətin fəaliyyətinin nəticəsidir. 

Çıxışlardan sonra müsabiqənin final mərhələsinə vəsiqə qazanan Yasamal rayonu üzrə 52, Nərimanov rayonu üzrə 39, Nəsimi rayonu üzrə 164, Qaradağ rayonu üzrə 288, Suraxanı rayonu üzrə 290, Xəzər rayonu üzrə 120, Pirallahı rayonu üzrə 186, Sabunçu rayonu üzrə 72 və 252, Binəqədi rayonu üzrə 183 və 313, Nizami rayonu üzrə 62 və 312 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziya və Xətai rayonundakı 287 nömrəli “Zəkalar” liseyinin komandaları təcrübə işi ilə bağlı BMU-da təşkil olunan təlimlərdə də iştirak ediblər. Təlimlər zamanı məktəblilər daha geniş auditoriya, universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir aparat və cihazlarla əyani şəkildə tanış olublar. 

Sonda final mərhələsinin birinci hissəsində iştirak edən 15 komandanın tərkibindəki 45 şagirdə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsinin II hissəsində şagirdlər ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirəcəklər.
 

 

 

http://muallim.edu.az/content/?category=arxiv&issue=48-2017&content_id=27

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018