Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsinin  final mərhələsi Gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi

, baxılıb - 156 dəfə

 

 

          Bakı Mühəndislik Universitetində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəblilərin biologiya  elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə keçirilən  “Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsi”nin  final mərhələsi  təşkil olunub.

   Müsabiqənin final mərhələsində  Nizami rayonu üzrə 229, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 288, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 164, Nərimanov rayonu üzrə 57, Sabunçu  rayonu üzrə 259, Binəqədi rayonu üzrə 99, Xəzər rayonu üzrə 241, Suraxanı rayonu üzrə 285, Səbail rayonu üzrə 236 nömrəli   tam orta  məktəblərin    komandaları,  Xətai rayonu  üzrə  eyni  bal  topladıqlarına  görə  165  nömrəli   tam orta  məktəbin    və  287 nömrəli “Zəkalar” liseyinin komandaları  iştirak ediblər.

         Məlumat  üçün qeyd edək ki, müsabiqənin  rayon mərhələsində ümumilikdə 276 komanda tərkibində 828 məktəbli iştirak edib.Onlardan 13 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.

  İlk olaraq  komanda üzvləri  və onların  rəhbərləri Universitet şəhərciyi, eləcə də daha  geniş auditoriya, Universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlar ilə  əyani şəkildə tanış olublar.

Daha sonra komandalar  ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

         Müsabiqəyə  Bakı Mühəndislik Universitetinin akt zalında  təşkil olunan  tədbirlə yekun vurulub. Tədbirdə Bakı Mühəndislik Universitetinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri, İdarənin  struktur  bölmə rəhbərləri, komanda üzvləri və rəhbərləri, təmsil olunduqları məktəblərin  direktorları və valideynlər iştirak edib.

    Universitetin rektoru professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və olimpiadanın final mərhələsində iştirak edən və  uğur qazanan tələbələri təbrik edib. Ümummilli Lider Heydər Əliyevin və Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, müəllimə və gənc nəslə olan diqqət və qayğısından danışan rektor Təhsil Nazirliyi tərəfindən  təşkil olunan olimpiadaların artıq ənənə halını aldığını qeyd edib. Bildirib ki, orta məktəb şagirdləri arasında keçirilən olimpiadaların universitetdə keçirilməsi hər iki tərəf üçün  əhəmiyyətlidir. Rektor gənc universitet olan BMU haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov  çıxış edərək təhsilin tədqiqat mərhələsinə keçid etdiyini bildirib. Bunun üçün universitetin maddi-texniki bazasından istifadə edərək olimpiadaların daha yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, qeyd edib ki, şagirdlərin layiqli vətəndaş kimi yetişməsində biliklə yanaşı milli dəyərlərimizə də sahib çıxmaları vacib amildir. Çıxışının sonunda olimpiadanın yüksək səviyyədə təşkili üçün BMU rəhbərliyinə, şəxsən rektor professor Havar Məmmədov təşəkkür edib.

   Finalda iştirak edən 13 komandanın tərkibindəki 39 şagirdə Bakı Şəhəri  üzrə Təhsil  İdarəsi və  Bakı Mühəndislik Universiteti tərəfindən sertifikatlar təqdim olunub. Müsabiqənin final mərhələsində yüksək  nəticələr göstərərək I, II və III yerlərə layiq  görülmüş  komandalar isə 2017-2018-ci tədris ilində keçirilən müsabiqələrin mükafatlandırılma tədbirində Bakı Şəhəri  üzrə Təhsil  İdarəsinin  diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018