Ekologiya mühəndisliyi nədir? Ekologiya mühəndisliyi nədir?

, baxılıb - 5084 dəfə

Ekologiya sözü yunanca “oikos”-ev və “logos” elm anlayışı mənalarını daşıyır. Son zamanlar dünyada insan və çirklənmə artımı ekoloji problemlərin yaranmasına səbəb olmuşdur. Bütün dünya dövlətləri bu problemin aradan qaldırılması üçün mübarizə aparır. Ancaq bu ekoloji problemlərin həlli ilə peşəkarcasına məşğul olan mütəxəssislər isə ekologiya mühəndisləridir. Ekologiya mühəndisliyi dedikdə havanın kirlənməsinə nəzarət etmək, su və torpaq çirkliliyinin insan sağlamlığına zərər yetirməməsinə nəzarət etmək başa düşülür. Ekologiya mühəndisliyi üzrə ixtisas almaq istəyən insanlar riyaziyyat, kimya, fizika, biologiya kimi dərsləri yaxşı bilməklə kifayət etməməli əzmkar biri olmalı və yetərincə ekologiyanın korlanmasının qarşısını almağa çalışmalıdır, təbiətə sahib olduğunu geri qaytarmalıdır. Ekologiya mühəndislərinin daha çox işi zavod və fabriklərdən çıxan zəhərli tüstülərin, ekoloji baxımdan zərərli hissəciklərin təbiətin ekologiyasına ziyan vurmaması və dənizə axıdılmasının qarşısını almaqdır. Ekologiya mühəndisləri tullantı sularını təmizləyib insanların istifadəsi üçün yararlı vəziyyətə gətirməlidir.

Ekologiya mühəndisliyi haqqında daha dolğun məlumatlar əldə etmək üçün Bakı Mühəndislik Universitetinin mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi kafedrasının müəllimi Etibar Qəhrəmanova müraciət etdik. Etibar müəllim Ekologiya mühəndisliyi ilə bağlı fikirlərini bizimlə bölüşdü:

Bu gün dünyada ekoloji problemlərin həddən artıq çoxalması ekologiya sahəsinə marağı artırır. Ölkəmizdə də bu sahəyə yetərincə maraq yüksək olduğuna görə ekoloji problemlərin həlli üçün mütəxəssislərin az olması bu sahəyə tələbatı artırır. Ekologiya elmi həm elm sahəsi olaraq, həm də ekologiya mühəndisliyi bölməsi olaraq çox vacibdir. Ekologiya mühəndisləri ətraf mühitin problemlərinin həllinə mühəndis tərəfindən yanaşır. Ümumiyyətlə, ekologiya mühəndisliyi geniş sahədir. Məsələn tullantıların idarə olunması , digər ekoloji problemlərin hava çirklənməsi, alternativ enerjinin inkşafına və digər bunun kimi sahələrə yardım edə bilər. Məsələn, tullantıların idarə olunması , tullantıların azaldılması və yaxud onların təkrar istehsalı, yenidən istifadəsi sahələrində işləyə bilərlər. Tullantı suların təmizlənməsi, içməli suların təmizlənməsi, bərk məişət tullantılarının təmizlənməsi, onların təkrar istehsalı, yenidən istifadəsində istifadə olunur. Ekologiya mühəndisliyi bütün sahələrlə əlaqəlidir: kimya , fizika və yaxud coğrafiya sahəsi ilə əlaqəli olmaqla yanaşı çox elm sahələri ilə əlaqəsi vardır. Azərbaycanda ekologiya mühəndislərinin neft şirkətlərində əsas işi dənizə atılan neft tullantılarını, suda olan neft ləkələrini təmizləmək və yaxud quruda olan neftlə çirklənmiş torpaqların təmizlənməsi işi ilə məşğul olurlar. Abşeron, Suraxanı, Balaxanı və digər sahələrdir ki, hansı ki neftlə daha çox çirkləniblər, bu sahələrdə torpaqların təkrar bərpası, yenidən təmizlənməsi onların kənd təsərrüfatında istifadə olunması və yaxud tikinti məqsədi ilə istifadə olunmasına baxırlar. Xəzər dənizində neftlə bağlı işləyən ekologiya mühəndislərinin işi neftin çıxarılması və daşınması zamanı suya atılan tullantıları təmizləmək və Xəzər dənizinin flora və faunasını qorumaq məqsədi ilə təmizləmə işlərini aparmaqdır. Ekologiya mühəndisləri dənizə gedir, çirkli sudan nümunə götürürlər və onu laboratoriya şəraitində analiz edirlər. Suyun fiziki və kimyəvi parametrlərini müəyyən edirlər, nəticə alındıqdan sonra nəticəyə uyğun olaraq suda olan tullantını təmizləmək üçün hansı təmizləyicilərdən istifadə etmək olar araşdırırlar. Ekologiya mühəndisinin gördüyü iş bir kimya mühəndisinin görəcəyi işdən daha genişdir. Neftlə çirklənmiş torpağın təmizlənməsi zamanı torpaqdan nümunə götürürlər. Torpaqdan nümunə torpağın tipindən aslı olaraq fərqli götürülür.

Adətən, torpağın dərinliyinə doğru 1m20sm qazılır və yaxud yerindən aslı olaraq daha dərin qazıla bilər və torpağın müxtəlif qatlarından nümunələr götürülür, nümunələr laboratoriya şəraitində analiz olunur və standart olaraq torpağın hansı qatında maddələrin miqdarı nə qədər olmalıdırsa, o müəyyən olunur və çirklənmə dərəcəsi müəyyən olunur, çirklənmə dərəcəsinə uyğun olaraq təmizləmə işləri aparılır. Kimya sahəsində mütəxəssis və mühəndis, fizika sahəsində mütəxəssis, coğrafiya sahəsində mütəxəssis var. Ekologiya mühəndisi bunların hamsını bir yerdə edir. Digər mühəndislərin gördüyü işi ekologiya mühəndisləri ümumi şəkildə görür. Ekologiya mühəndisliyinin ixtisaslaşması da vardır. Məsələn, kanalzasiya suyunu axıdırıq. Ekologiya mühəndisi kanalzasiya suyunun çıxış hissəsindən çirkli suyu götürüb analiz edir və müəyyən edir ki, suyun tərkibində hansı tullantılar daha çoxdur və hansı şəkildə təmizləmək olar. Bizim ölkədə isə etmirlər. Xarici ölkələrdə adətən əl-üz yumadan gələn su ilə digər su ayrı-ayrı axıdılır, təmizləmə prosesləri fərqli olur. Ekologiya mühəndisiliyi geniş sahədir. Ekologiya mühəndisinin gördüyü əsas işlərdən biri havanın çirklənməsidir . Keçmişdə Sumqayıt şəhərinin çox çirkli olmasını deyirdilər, əslində, son zamanlar belə deyil, çünki əvvəl orada zavodlar var idi, zavodlar havaya çoxlu tullantılar atırdı. Amma son zamanlarda zavodların çoxu fəaliyyətini dayandırdığına görə tullantı atılmır. Amma yenədə şəhərdə əhalinin çox olması, nəqliyyat vasitələrinin həddən artıq çoxalmasını, havaya tullantıların atılmasını böyük miqdarda artırmışdır. Zavodlarda istehsal prosesindən aslı olaraq hansı maddənin, məhsulun istehsal olunmasından aslı olaraq müxtəlif tullantılar atıla bilər. Həm tullantı suyu atıla bilər, həm çirkli hava olaraq CO2, həm də nəqliyyat vasitələrindən yetərincə tullantı atılır. Bunun qarşısını almaq üçün ekologiya mühəndisləri nə edir? 1-si zavodda tullantısız və ya az tullantılı texnologiyadan istifadə olunur, 2-si zavodların tüstü çıxan borularında təmizləyici qurğular quraşdırır. 3-sü zavodda tullantı suyu çox atılarsa, həmin tullantı suyun təmizlənərək istehsala qaytarılması prosesini edir. Zavodda, adətən, istehsal prosesindən aslı olaraq su proses zamanı çirklənir, hansısa bir məhlulu yumaq zamanı və yaxud qurğuların soyudulmasında ən çox istifadə olunur. Qurğuların soyudulmasında istifadə olunan suyu təkrar istifadə etmək olar və yaxud təkrar təmizləmədən keçirərək qaytarmaq olar. Ekologiya mühəndislərinin əsas işi ətraf mühitin tullantılarını azaltsın, atılan tullantıların qarşısını alsın. Azərbaycanda istifadə olunma müddəti uzun müddət əvvəl bitmiş avtomobillər çox istifadə olunduğuna görə bu avtomobillərin əksəriyyətindən zəhərli tüstü çıxır. İnkşaf etmiş ölkələrin bir çoxunda avtomobilin müəyyən bir istifadə müddətindən- 10-15 il müddətdən sonra avtomobillər artıq zavodda geri qaytarılır və yerinə başqa avtomobil götürürür. Bizdə isə 80-90-cı illərdən qalmış avtomobillər hələ də istifadə olunmaqdadır. Ona görə ətraf mühit daha çox çirklənir, insanların işə getdiyi və qayıtdığı zaman, xüsusi olaraq, çirklənmə daha çox olur. Ekologiya mühəndisləri istifadə olunan avtomobillərin ilinə görə və texniki baxışına görə onları dəyərləndirməlidir . Əgər bu standartlara uyğun deyilsə, avtomobilləri hələ də dəyişməyiblərsə, havanı təmizləmək üçün yaşıllıqların daha çox salınması lazımdır. Bakı şəhərində yaşıllıqların , parkların, yaşıl zonaların salınması çoxaldılmalıdır. Ekologiya mühəndisləri avtomobillərdən çıxan tüstülərin qarşısını almaq üçün təkliflər verə və qiymətləndirilməsini apara bilərlər. Havada xüsusi cihazlarla tullantıların miqdarını ölçə bilərlər. Ekologiya mühəndisləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, universitetlərdə, xüsusi təlim mərkəzlərində, şəxsi şirkətlərdə, sətəm bölümündə, Azərsu, Azərsun Holdingdə işləyə bilərlər. Təmiz şəhərdə, Balaxanıda bərk tullantıların yandırılması zavodu var . Azərsun Holding şirkətində karton, kağız tullantılarını təkrar istehsalı ilə məşğul olurlar. Azərsun Holding şirkətində qida sektorunda ekologiya mühəndisləri keyfiyyətə nəzarət bölümündə işləyə bilərlər.Ekologiya mühəndisləri problemlərin həlli ilə məşğul olurlar. Ekologiya problemlər nədir, onları müəyyən edir, amma ekologiya mühəndisi, əsasən, problem və problemin həllini tapmaq, problemi necə həll etmək olar, hansı çıxış yolları var, onları araşdırırlar, tətbiq edirlər. Onların işi daha çox insanı, ətraf mühiti qorumaqdan ibarət olur. Bakı Mühəndislik Universitetində ekologiya mühəndisliyi ixtisası yeni açılıb. Universitetində həm İngilis, həm azərbaycan dilində bölmələr yaradılıb. Bizdə həm tələbələrimizin ekologiya mühəndisliyi sahəsində araşdırmalar aparmasına, həm də bu sahəni daha dərindən öyrədərək Azərbaycanda olan ekoloji problemlərin həlli üçün mütəxəssis bazası yetişdirməyə əlimizdən gələni etməyə hazırıq.
Hər bir insan yaşadığı ərazidə ekologiyanın qorunmasına mümkün qədər çalışmalıdır.

KAMAL VƏLƏDOV

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020