Bakı Mühəndislik Universitetinin 985 məzunu doğma ali məktəblə vidalaşıb Bakı Mühəndislik Universitetinin 985 məzunu doğma ali məktəblə vidalaşıb

, baxılıb - 106 dəfə

 

 
 
 
 
 

Xırdalan, 27 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) artıq ikinci dəfə “Məzun günü” keçirilib. Hazırda universitetdə 3882-si bakalavr, 410-u magistr, 40-ı isə dissertant və doktorant olmaqla ümumilikdə 4332 tələbə təhsil alır. Onlardan 44-ü Prezident təqaüdü, 96-sı isə “Gələcəyin müəllimi” təqaüdü alır.

AZƏRTAC xəbər verir ki, BMU-nun həyətində təşkil edilən tədbirdə Milli Məclisin deputatları, Abşeron rayonunun rəhbərliyi, iş adamları, valideynlər iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb.

Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, bu il BMU-dan ümumilikdə 985 nəfər məzun olur. Onlardan 114-ü bakalavriat pilləsini fərqlənmə diplomu ilə başa vurub. Magistratura pilləsini 230 gənc bitirib. Onlardan 90-ı fərqlənmə diplomuna layiq görülüb.

Məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edən rektor deyib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident İlham Əliyevin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirdiyini vurğulayan rektor, universitetin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən, Azərbaycanda mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılan Bakı Mühəndislik Universiteti uğurları ilə cəmiyyətdə və ali təhsil sistemində mövqeyini gücləndirir.

“E-universitet olan BMU-da yaradılan şəffaf mühit tələbələrin yüksək təhsil almaları ilə yanaşı, onların sosial fəaliyyətlə məşğuliyyətinin təmini sahəsində də hər cür şərait yaradır”,- deyən H.Məmmədov bu ali məktəbdə 40-dək tələbə klubunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, cari tədris ilində magistraturaya qəbul imtahanında BMU-nun tələbələri 138 və 136 balla respublika üzrə birinci və ikinci yerləri tutublar. Tədris ili ərzində yerli və beynəlxalq şirkətlər son kurs tələbələri arasında müsabiqə təşkil edərək onların təcrübə keçmələrinə və işlə təmin olunmalarına şərait yaradırlar. Universitetin beynəlxalq arenada tanınması və beynəlxalq əməkdaşlığının yüksək səviyyədə olması nəticəsində məzunlar rahatlıqla dünyanın ən qabaqcıl universitetlərinə magistratura və doktorantura pillələrinə qəbul olunurlar.

Məzunları təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova BMU-nun fəaliyyətini və universitetdə həyata keçirilən kadr hazırlığın yüksək dəyərləndirib. Qeyd edilib ki, bu universitetdə həm də layiqli vətəndaş yetişdirilir. Rayonda keçirilən bütün tədbirlərdə BMU yüksək səviyyədə təmsil olunur. İ.Gülməmmədova Prezident İlham Əliyevin Abşeron rayonuna və abşeronlu gənclərə diqqət və qayğısından da danışıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə də məzunları təbrik ediblər. Ölkə rəhbərinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan natiqlər bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və onların müsbət nəticələri barədə danışıblar.

2017-2018 tədris ili üzrə universitet birincisi olan, BMU-nun pedaqoji fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə məzun Kəmalə Dadaşova ali məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığın bildirib. O, sevincli və məsuliyyətli tələbəlik illərinin heç zaman unudulmayacağını söyləyib, sevimli müəllimlərə və BMU-nun kollektivinə məzunlar adından təşəkkürünü bildirib.

Daha sonra ali məktəbi ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr BMU–nun rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin yaddaqalan anları - məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.

“Məzun günü” universitetin bədii özfəaliyyət kollektivləri ilə yanaşı, respublikanın tanınmış incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam edib.

 

 

https://azertag.az/xeber/Baki_Muhendislik_Universitetinin_985_mezunu_dogma_ali_mekteble_vidalasib-11

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018