Bakı Mühəndislik Universiteti yenə bir uğura imza atdı Bakı Mühəndislik Universiteti yenə bir uğura imza atdı

, baxılıb - 372 dəfə

Bakı Mühəndislik Universitetinin tələbələri “42-ci ACM ICPC 2017-2018 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda müvəffəqiyyət qazanıb

“ACM ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. Müsabiqənin baş sponsoru IBM şirkətidir. 41-ci ACM ICPC 2016-2017 statistikasına görə son müsabiqədə 103 ölkənin 2948 ali təhsil müəssisəsindən 46381 (1549 komanda – hər komandada 3 tələbə) iştirak etmişdir. Bu komandalardan 133-ü final mərhələsinə qədər yüksəlmişlər.

Müsabiqə 3 mərhələdə keçirilir. Birinci mərhələ (1/4 mərhələsi) hər ölkə daxilində keçirilir. Müvəffəqiyyət qazanan komandalar yarım final mərhələsinə vəsiqə qazanır. Yarımfinal mərhələsi dünya üzrə paylanmış regionlarda keçirilir və hər regiondan reytinqə görə müəyyən sayda (3-16) komanda final mərhələsinə vəsiqə qazanır. Ümumilikdə final mərhələsində 128-135 komanda (hər universitetdən yalnız bir komanda finala vəsiqə qazana bilir) iştirak edir. Final mərhələsi konkret bir ölkədə keçirilir (bu il Çinin Beijing şəhərində keçiriləcək). Final mərhələsində 12 medal (4 qızıl, 4 gümüş və 4 bürünc) qazanılır.

Ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir. Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Bu müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra İnformasiya Texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən (Google, Amazone, IBM, Microsoft, Apple, Yandex, Facebook, Linkedin və s.) iş təklifi alırlar. Müsabiqə həmçinin dünya universitetləri arasında bir yarışdır. Universitetlərin tanınması və təhsil səviyyəsinin (Kompüter elmləri və İT ixtisaları üzrə) göstəricisidir. Həmçinin universitetlər arasında bu sahədə əməkdaşlıq vasitəsidir.

Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər.

Bu il “42-ci ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) 1-6 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilib.

Müsabiqədə Azərbaycan Respublikası 5 ali təhsil müəssisəsindən 10 komanda (hər komandada 3 tələbə): Bakı Mühəndislik Universiteti – 2, ADA Universiteti – 3, Bakı Dövlət Universiteti – 3, Bakı Ali Neft Məktəbi – 1, Azərbaycan Universiteti - 1 komanda ilə təmsil olunub.

Bakı Mühəndislik Universitetinin komandalarına universitetin Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə rəhbərlik edib.

3 dekabr 2017-ci il tarixində “42-ci ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı” keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 274 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərsində 12 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

Komanda müsabiqəsində Baku Engineering University 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası ACM ICPC 2017-2018 Azərbaycan Çempionu sertifikatına, ACM ICPC 2017-2018 NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının I dərəcəli diplomuna, Baku Engineering University 2 (Məmməd Hacılı, Tağı Əşrəfov, Asiman Ağayev) komandası ACM ICPC 2017-2018 NEERC Fərqlənmə sertifikatına layiq görülmüşlər.

4 dekabr 2016-cı il tarixində “Cənubi Qafqaz Açıq Çempionatı”nın fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 76 nəfər iştirak edib. Müsabiqə iştirakçılarına 4 saat ərsində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

Fərdi müsabiqədə Bakı Mühəndislik Universitetinin tələbələri Mahmud Allahverdiyev, Rəşad Məmmədov, Məmməd Hacılı Cənubi Qafqaz Açıq Çempionatının III dərəcəli diplomuna, Rəsul Kərimov, Asiman Ağayev, Tagi Əşrəfov Cənubi Qafqaz Açıq Çempionatının Yüksək Nailiyyət Sertifikatına layiq görülmüşlər.

 

NAPCAR

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020