Bakı Mühəndislik Universiteti ilə ADU arasında müqavilə imzalandı Bakı Mühəndislik Universiteti ilə ADU arasında müqavilə imzalandı

, baxılıb - 107 dəfə

   Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında elm və təhsil sahələrində elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

     ADU-da təşkil olunan görüşdə BMU-nun rektoru, professor Havar Məmmədov, universitetin prorektorları, dekan və kafedra müdirləri iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla Bakı Mühəndislik Universitetinin nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsi son dərəcə vacib məsələdir. Bu baxımdan mühəndislik universiteti ilə humanitar universitet arasında belə bir sazişin imzalanması faydalı bir aksiya kimi qiymətləndirilə bilər. Rektor əlavə edib ki, universitetlərin əməkdaşları, tələbələri və digər qurumlarda çalışanları üçün belə  əlaqələrin çox böyük əhəmiyyəti olacaq.

     BMU-nun rektoru professor Havar Məmmədov dəvətə görə minnətdarlığını  bildirib. İki universitet arasında əməkdaşlığa dair protokolun imzalanmasının əhəmiyyətindən danışan H.Məmmədov təşəbbüsə görə K.Abdullaya təşəkkürünü bildirib. Bakı Mühəndislik Universitetində güclu kadr potensialının, yüksək elektron informasiya bazasının olduğunu bildirən rektor belə əlaqələrdən hər iki universitetin yararlanacağını qeyd edib. Sonra H.Məmmədov universitetdə aparılan ingilis dilli tədris və inovasiyalarla bağlı görüş iştirakçılarını məlumatlandırıb. Söhbət zamanı, H.Məmmədov bildirib ki, kompüter mühəndisliyi və ümumilikdə  informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərin hazırlanmasında  ölkənin ali məktəbləri içərisində  Bakı Mühəndislik Universitetinnin xüsusi yeri var.

     Digər çıxışçılar müqavilənin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, ADU-da xüsusi inkişaf tempi var, BMU-nun profili texniki sahəyə istiqamətlənib.  Bu mənada müqavilənin imzalanması ilə hər iki universitet bir-birinin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək.

     Daha sonra tərəflər arasında əməkdaşlıq protokolu imzalanıb. İmzalanan protokola əsasən elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət göstərmək, universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, birgə elmi nəşrlərin təsis edilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssis hazırlığı səviyyəsinin tələblərə uyğunlaşdırılması, əməkdaşlıq çərçivəsində müxtəlif birgə layihələrin hazırlanması və bir sıra vacib məsələlər nəzərdə tutulub.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018