Bakı Mühəndislik Universiteti ilə “ATL İnfoTech” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb Bakı Mühəndislik Universiteti ilə “ATL İnfoTech” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

, baxılıb - 468 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə daha bir şirkət ilə universitet arasında əməkdaşlıq qurulur. Bu məqsədlə “ATL İnfoTech” MMC-nin idarə heyətinin sədri Rəşad Mirzəyev və texniki direktoru Vurğun Hacıyev universitetimizin qonağı olub. Qonaqları departamentin direktoru dos.Təyyar Mustafayev və mütəxəssisi Gülçöhrə ibrahimova qarşılayıb. Rektorla görüş zamanı professor Havar Məmmədov universitet haqqında ətraflı məlumat verərək bildirib ki, “universitetdə müasir texnologiyalı sənaye müəssisələrində işləmək bacarığında olan kadr hazırlığı həyata keçirilir. Gənc və müasir elmi bilikli akademik heyətin, maddi-texniki bazanın olması və sənaye-universitet əlaqələrinin düzgün qurulması kadr hazırlığında uğurumuzun əsasını təşkil edir”. Rektor, mövcud ixtisaslar və gələcəkdə ölkəmiz üçün vacibliyi nəzərə alınaraq açılacaq ixtisaslar haqqında da ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən “ATL İnfoTech” MMC-nin idarə heyətinin sədri Rəşad Mirzəyev BMU-nun iş dünyası ilə əlaqələrinin qurulması təşəbbüsünü yüksək qiymətləndirib. Bu kimi əlaqələrin sənaye müəssisələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Rəhbərlik etdiyi şirkət və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, "ATL İnfoTech" MMC 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdir. Fəaliyyəti boyunca şirkət Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq razılaşması imzalanıb. Bu razılaşma “ATL İnfoTech” MMC-nin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin “ATL İnfoTech” MMC-nin  fəaliyyətinə cəlb edilməsinə, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədi daşıyır.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018