BMU tələbəsi  Elçin Süleymanovun "Chesssy" layihəsi II yerə layiq görülüb BMU tələbəsi Elçin Süleymanovun "Chesssy" layihəsi II yerə layiq görülüb

, baxılıb - 116 dəfə

 

   Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir. ”Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.

    11 may tarixində keçirilən finalda UNEC-in SABAH qruplarının 4-cü kurs tələbəsi Elnarə Məmmədzadə “Count Me”, 3-cü kurs tələbəsi Toğrul Mirzəyev “Novbe.al”, İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Cəlil Abbaslı “E-travel”, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərov “Stevia” və Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi Elçin Süleymanov “Chesssy” layihəsi ilə münsiflər heyətinin qarşısında çıxış edib.Təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib. Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun “Stevia” layihəsi I, Elçin Süleymanovun "Chesssy" layihəsi II və Elnarə Məmmədzadənin “Count Me" layihəsi III yerə layiq görülüb. Qaliblərə və finalçılara Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC-nin qiymətli hədiyyələri təqdim olunub. İlk 3 yerin sahibi isə “Kapital Bank”ın maliyyə dəstəyi ilə Türkiyənin aparıcı universitetlərinin texnopark və startap təcrübəsini öyrənəcəklər.

   Qeyd edək ki, Elçin Süleymanov bundan öncə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "İdeya var!" gənclərin  ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibi olmuşdur.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018