BMU tələbələri "Gilan Seramik" və "Gilan Tekstil Parkı"nın istehsal sahələri ilə tanış olub BMU tələbələri "Gilan Seramik" və "Gilan Tekstil Parkı"nın istehsal sahələri ilə tanış olub

, baxılıb - 469 dəfə

Bakı Mühəndislik Universitetinin tələbələri "Gilan Seramik" və "Gilan Tekstil Parkı"nın istehsal sahələri ilə yaxından tanış olublar.

"APA-Economics" xəbər verir ki, istehsalat prosesi ilə tanışlıqdan əvvəl tələbələrə və müəllim heyətinə zavodun tarixi haqqında geniş məlumat verilib.

Müəssisənin İnsan resursları şöbəsinin müdiri Azər Ağazadə bildirib ki, seramik piltələrin istehsalı üçün inşa edilən "Gilan Seramik" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb. Burada müxtəlif ölçülərdə, beynəlxalq standartlara cavab verən, İtalyanın müasir innovativ avadanlıqlarında kafel və metlax istehsal edilir. Şöbə müdiri deyib ki, müəssisədə 3 növbəli iş rejimi tətbiq edilməklə 500 nəfər işçi çalışır: "Bu sahə üzrə yerli işçilərin yeni ixtisasa yiyələnməsi, yetişdirilməsi və təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət edirik. Təbii ki, müəssisə olaraq tələbələrin istehsalat prosesi ilə tanışlığı, müəssisədə istehsalat təcrübəsinin keçməsi, təcrübə müddətində fəallığı ilə seçilən, savadlı və enerjili gənclərin işlə təmin olunması müəssisənin insan resursları siyasətinin tərkib hissəsidir. Yerli, savadlı kadrlarla tanış olmaq, işlə təmin etmək müəssisə olaraq bizim öz marağımızdadır. Mütəmadi olaraq tələbələr gəlir, istehsal sahəsi ilə tanış olurlar.  Bu gün də Bakı Mühəndislik Universitetinin tələbələri istehsal sahəsi ilə yaxından tanış oldular. Burada işləmək istəyən hər hansı bir savadlı tələbənin praktikasına köməklik etməyə hazırıq".

A.Ağazadə həmçinin deyib ki, hazırda müəssisədə istehsal olunan məhsullar hesabına daxili tələbatın 40-45%-ni ödəmək mümkündür. "Müəssisənin inkişaf konsepsiyasına uyğun olaraq seramik piltələrlə yanaşı keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın tikintisi nəzərdə tutulub", - deyə şöbə müdiri bildirib.
Zavodla tanış olan tələbələr və müəllim heyəti məmnun qaldıqlarını, praktiki cəhətdən yeni təcrübə qazandıqlarını qeyd ediblər.
"Bizə uyğun burada çox iş var. Təkcə sənaye mühəndisliyinə uyğun deyil, bir çox mühəndislər üçün iş var. Mexanik mühəndislərinə, İT mühəndislərinə müxtəlif işlər var. Əminik ki, Azərbaycanın gələcəkdə təmsil edən böyük şirkətlərdən biri olacaq. Ən çox təcrübə qazandırdı bizə", - deyə sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alan tələbə Ağasəlim İsmayılzadə bildirib.

Ali təhsil ocağının müəssisələrlə əlaqələr və karyera departamentinin nümayəndəsi Gülçöhrə İbrahimova isə deyib ki, BMU istehsalatla qarşılıqlı əlaqədə olmalıdır: "Buna görə də çalışırıq ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələrlə tanış olaq. Burada iştirak edən tələbələrin çoxu sonuncu kurs tələbələridir. Onlar artıq karyeralarını seçməyə hədəfləyiblər. Artıq görsünlər ki, gələcəkdə karyeralarını quranda zavodda hansı vakansiyalar var, nələrə müraciət edə bilərlər. Həm də ümumi dünya görüşləri artdı".

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılar ilə xatirə fotosu çəkilib.

Tələbələrin növbəti səfəri isə Sumqayıtda yerləşən "Gilan Tekstil Parkı"na olub. 2012-ci ildən fəaliyyətə başlayan "Gilan Tekstil Parkı"nda yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Burada da onlara müəssisə haqqında geniş məlumat verilib.

Daha sonra tələbələr tekstil parkının istehsalat sahələrini gəzib və burada müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xələtlər, otellər üçün dəsmalların istehsalı, tikilişi ilə yaxından tanış olublar.

"Gilan Tekstil Parkı"nda yaradılan şərait, istehsalat prosesi tələbələrin böyük marağına səbəb olub.

"Əsasən burada müasir texnologiyalardan, öz yerli məhsullarımızdan, yerli parça istehsalından, yerli sap istehsalı və yerli dəsmal istehsalını gördüm. Köynəklərin tikilişini izlədim. Müasir texnologiyalarla tanış oldum", - sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə Vüsalə Cavadova bildirib.

"Sırf pambıqdan hazır bir məhsul alınana qədər tətbiq olunan texnologiyalarla tanış olduq. Ümumilikdə gələcək iş həyatımız üçün də bu prosesləri öyrənmək çox vacibdir", - deyə digər tələbə Sahib Mütəllibov qeyd edib.

Həmçinin müəssisənin əməkdaşları bildiriblər ki, "Gilan Tekstil Parkı"nda istehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir və bütün məhsullar Avropa standartlarına tam cavab verir.

Tədbirin sonunda tələbələr və müəllim heyəti müəssisənin kollektivi və təşkilatçılar ilə xatirə fotosu çəkilib.

http://apa.az/iqtisadiyyat-xeberleri/sahibkarliq-fealiyyeti/bmu-telebeleri-gilan-seramik-ve-gilan-tekstil-parki-nin-istehsal-saheleri-ile-tanis-olub-2605.html

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017