BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində yay məktəbində iştirak ediblər BMU-nin müəllim və magistr tələbələri Gürcüstanda “PROMİG” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində yay məktəbində iştirak ediblər

, baxılıb - 746 dəfə

    Bakı Mühəndislik Universitetinin Avropa Birliyinin bir çox proqram və layihələrində aktiv iştirak etməsi universitetin kadr potensialının və təhsilin keyfiyyətinin inkişaf etdirilməsinə, o cümlədən yeni beynəlxalq əlaqələrinin qurulmasına müsbət təsir edən göstəricilərdəndir. Belə ki, universitetimiz tərəfdaş universitet kimi Avropa Birliyinin maliyyələşdirdiyi bir çox layihələrdə aktiv iştirak edir. Bu layihələrdən biri də “Ali təhsil müəssisələrində miqrasiya təhsilinin təşviqi - PROMİG” adlı Erasmus+ KA2 layihəsidir.

    İvane Cavaxişvili Tbilisi Dövlət Universitetinin (Gürcüstan) rəhbərliyi ilə icra olunan cari layihədə Azərbaycandan Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti, Avropa Birliyindən Oldenburq Universiteti (Almaniya), Qraz Universiteti (Avstriya), Alikante Universiteti (İspaniya), həmçinin Kabul Universiteti və Tabeş Universiteti (Əfqanıstan) iştirak edir. Layihə çərçivəsində təşkil olunmuş növbəti tədbir və iclas 1-7 iyul 2018-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində İvane Cavaxişvili Tbilisi Dövlət Universitetində təşkil olunmuşdur. Bu tədbir əsasən layihənin tərəfdaş universitetlərinin müəllim və bəzi müsabiqədən keçmiş magistr tələbələri üçün təşkil olunmuş “PROMİG Yay məktəb”ində Avropalı ekspertlərin və müəllimlərin miqrasiya sahəsində təqdim etdikləri mühazirə və məşğələlərində (vorkşoplarında) iştirak etmələri, həmçinin layihə menecerlərinin də qatıldıqları administrativ məsələlərinin və gələcək tədbirlərin planlaşdırılmasının müzakirəsi üçün nəzərdə tutulmuşdur. Sözügedən tədbirlərdə universitetimizdən akademik heyət nümayəndəsi və məruzəçi kimi İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Dr. Yaşar Ehtibarlı və Beynəlxalq münasibətlər kafedrasının müəllimi Anar İskəndərov, layihənin administrativ nümayəndəsi kimi Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin məsləhətçisi Arif Nəcimov, həmçinin universitetin Beynəlxalq əlaqələr və diplomatiya ixtisasından müsabiqə yolu ilə seçilmiş iki magistr tələbə İlqar Məmmədov və İnci Abduləzizova iştirak etmişdirlər. Tədbirlər zamanı maraqlı mühazirələr dinlənilmiş, tələbələrin qrup şəklində miqrasiya sahəsində hazırladıqları təqdimatlar əsasında Avropalı ekspertlər və müəllimlər ilə apardıqları müzakirələr, layihənin tərəfdaş universitetlərindən gəlmiş magistr tələbələr ilə yeni tanışlıqlar və fikir mübadilələrinin aparılması, beynəlxalq təcrübənin, həmçinin Gürcüstanın Tbilisi şəhərinin bir neçə tarixi-mədəni yerlərinə səfərin təşkil olunması çox məhsuldar və yaddaqalan olmuşdur.

   Onu da qeyd edək ki, “PROMİG” layihəsi 14 oktyabr 2019-cu ilə kimi davam edəcəkdir və bu cür tədbirlər (mühazirələr, məşğələlər və yay məktəbləri) o cümlədən müxtəlif maarifləndirici təlimlərin təşkili layihə çərçivəsində nəzərədə tutulub.

     Tədbirin sonunda universitetlərin akademik nümayəndələrinə və magistr tələbələrinə sertifkatlar təqdim olunmuş və bütün iştirakçılar ilə birlikdə qrup şəkli çəkdirilmişdir.

    Əlavə olaraq onu da bildirmək istərdik ki, universitetimizin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi yuxarıda qeyd olunan Erasmus+ KA2 layihəsi kimi müxtəlif məzmunlu milli və beynəlxalq layihələrin hazırlanmasına start vermişdir və hər hansı bir müəllim və ya tələbənin ideyasının da layihəyə çevrilib reallaşdırmasına dəstək vermək üçün şöbənin layihələr üzrə məsləhətçisi Arif Nəcimova (İqtisadiyyat korpusu, otaq 427) müraciət etmək mümkündür.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018