BMU kafedra müdiri   beynəlxalq  konfransda iştirak edib BMU kafedra müdiri beynəlxalq konfransda iştirak edib

, baxılıb - 354 dəfə

 

  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  və Azərbaycan Milli Elmlər Akademiyası Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı 1-ci Beynəlxalq Elmi konfrans keçirmişdir. Beynəlxalq konfransın keçirilməsində məqsəd dünya elm ictimaiyyətinin diqqətini dərin tarixi köklərə, zəngin mədəniyyətə malik minillik Şirvanşahlar dövlətinin keşməkeşli tarixinin tədqiq və təbliğinə cəlb etməkdir.

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışıb.Akademik söyləyib ki, bu gün qədim və orta əsrlərdə yaşayıb yaratmış ədiblərimizin yaradıcılığı alimlərimiz tərəfindən geniş şəkildə araşdırılır. “Qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan tarixi dövlətçilik ənənələrinə malikdir. Doğma diyarımızda Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətlər mövcud olub. Şirvanşahlar dövləti bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanınıb. Hər zaman ərazi bütövlüyünü qoruyub saxlayan bu dövlət dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynayıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələri yaradılıb. Prezident İlham Əliyev Şirvanşahlar Sarayının yenidən qurtulmasına xüsusi göstəriş verib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə böyük qayğı göstərirlər. Mehriban Əliyevanın köməyi sayəsində Şirvanşahlar sarayı UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Son illər dünya dövlətlərinin tanınmış elm adamlarının xalqımızın zəngin və mədəni irsinin tədqiqinə maraqları artıb", - deyə akademik vurğulayıb.

    Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, konfransın keçirilməsi dövlətçiliyin dərk edilməsi istiqamətində çox böyük addımdır. Tarixən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada öz dövlətini yaradaraq inkişaf etdiriblər. Müasir Azərbaycan hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır. Ulu öndər Heydər Əliyevin dövründə İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısında yer alıb. Şirvanşahlar Saray Kompleksi isə Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

    Konfransda dünyanın 30 ölkəsindən 150 nəfərə yaxın alim iştirak edib. Onlardan 100-ə yaxın alim tarix, memarlıq, arxeologiya,  etnoqrafiya və fəlsəfə bölmələri üzrə elmi məruzə ilə çıxış ediblər. Konfransda Bakı Mühəndislik Universitetinin ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev də iştirak edib. O, "Şeyxi Məhməd Əfəndinin "Vəqayiül-Füzəla" əsərinin I cildinə görə XVII əsr Osmanlı dövlətində şirvanlı alimlər" adlı  məruzə ilə çıxış edib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020