BMU-da 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr  olunmuş tədbir keçirilib BMU-da 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

, baxılıb - 602 dəfə

   Bakı Mühəndislik Universitetində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə faciəni özündə əks etdirən sənədli film izlənilib.

   Universitetin rektoru, professor Havar Məmmədov faciə və o dövrdə ölkədəki vəziyyətlə bağlı tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisə nəticəsində Bakı və bölgələr də daxil olmaqla ümumilikdə 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 20 yanvar hadisələri ərəfəsində Azərbaycanın rəhbər şəxsləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdır. 

   Rektor qeyd edib ki, o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirib və Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanatla çıxış edib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar hadisələrinə siyasi qiymət verildiyini diqqətə çatdıran rektor, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.

   BMU Tələbə Gənclər Təşkilatının sədri Elnur Mirzəyev və universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Günel Salahova çıxış edərək 1990-cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qırmadığını bildiriblər. Həmin gecədə həlak olan vətən övladlarının xalqın milli azadlığı və müstəqilliyi uğrunda göstərdikləri qəhrəmanlıqlarla Azərbaycan tarixinə parlaq səhifələr yazaraq, bütün gənclərə örnək olduqlarını, eləcə də 20 yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını diqqətə çatdırıblar.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019