BMU-da  “Qış Elm Festivalı” keçirilib BMU-da “Qış Elm Festivalı” keçirilib

, baxılıb - 606 dəfə

  Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “IV Qış Elm Festivalı” keçirilib. Festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır. Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən  "Palimpsest kollaj",  “Ətraf mühitə zərərsiz bioplastika”, “Torpaq sürüşməsinin qarşısının alınması”, “Rəqəmsal Hökümət” və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirilib.

  Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov festivalın rəmzi açılışını bildirən lenti kəsib. Rektor açılış tədbirində “Qış Elm Festivalı”nın elm və təhsilimiz üçün mühüm əhəmiyyətindən danışıb. TEC tərəfindən müntəzəm təşkil olunan festivalda iştirakçıların və təqdim olunan layihələrin sayının ilbəil artdığını vurğulayan rektor sözügedən festivalın Azərbaycan elminin inkişafına və əldə olunan nailiyyətlərin təbliğinə də böyük töhfə verdiyini qeyd edib. Bakı Mühəndislik Universitetinin hər zaman tələbələrin elmi yeniliklərini dəstəklədiyini və BMU-nun Texnoparkında startapların həyata keçirilməsi üçün şərait yaradıldığını diqqətə çatdırıb. 

  Qeyd edək ki, festivalda ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda iştirak edib ki, bunlardan 18-i Bakı Mühəndislik Universitetini təmsil edib. Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, UNEC–Azərbaycan Dövlət İqtisad Universiteti, UTECA–Azərbaycan Texnologiya Universiteti, Türkoloji Araşdırmalar Mərkəzi və orta məktəblər tərəfindən Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyaları üzrə 100-dək layihə təqdim olunub. Eyni zamanda 3 nəfərdən ibarət olan komandaların təqdim etdiyi layihələr elmi yeniliklər, kəşflər, tədqiqat nəticələri və ya maraqlı elmi mövzular üzrə təsnifləşdirilib. Təqdim olunan layihələr münsiflər heyəti tərəfindən yoxlanılıb və tələblərə cavab verənlər festivalda iştirak etmək hüququ qazanıb.

  Festivalın mükafatlandırma mərhələsində universitetin Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov və Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək qalibləri təbrik edib və festival iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

  Münsiflər tərəfindən aparılmış qiymətləndirməyə əsasən, İqtisadiyyat kateqoriyasında 1-ci  və 2-ci yerə Sumqayıt Dövlət Universitetinin, 3-cü yerə isə Bakı Mühəndislik Universitetinin, Pedaqoji kateqoriyası üzrə 1-ci və 3-cü yerə BMU-nun, 2-ci yerə isə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının, Mühəndislik kateqoriyası üzrə isə 1-ci və 2-ci yerə BMU-nun, 3-cü yerə isə SDU-nun tələbələrinin təqdim etdikləri layihələr layiq görülüb.

  Orta məktəblər üzrə isə Saray qəsəbəsi 3 saylı və Bakı 7 saylı məktəbin şagirdlərinin layihələri 1-ci yerə, Zərifə Əliyeva adına liseyin, Bakı şəhəri 173 saylı məktəbin və Xırdalan şəhər 2 saylı məktəbin şagirdlərinin layihələri 2-ci yerə, Masazır 5 saylı, Masazır 4 saylı məktəbin və Biləsuvar liseyinin şagirdlərinin layihələri isə 3-cü yerə layiq görülüb.

  Layihədə iştirak edən bütün komanda üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk üç yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, qiymətləndirmə prosesində şəffaflığı təmin etmək üçün hər kateqoriya üzrə münsiflər heyətinin tərkib hissəsi 3 nəfərdən ibarət olub.

 

 

 

  

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019