Atam mənim ən böyük dəstəkçimdir Atam mənim ən böyük dəstəkçimdir

, baxılıb - 166 dəfə

  Müstəqillik qazandığımız illərdən sonra idman sahəsində böyük irəliləyişə nail olunub. Məhz bunun bariz nümunəsi olaraq ölkəmizdə müxtəlif idman  arenaları inşa olunur, beynəlxalq səviyyəli idman yarışları təşkil edilir. Dünya idman arenasında ölkəmiz özünə layiqli yer tutmağa müvəffəq olub.  “I Avropa Oyunları”, “Yeniyetmə cüdoçuların Avropa çempionatı”, “Bədii gimnastika üzrə Dünya kuboku”, “Taekvondo üzrə Avropa lisenziya turniri”, “GT3 və klassik Formula 1”, “2017 İslam Həmrəyliyi Oyunları”nın yüksək səviyyədə təşkilatçılığı ölkə başçımız İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

  Ölkəmizdə idmançıların yetişməsi üçün bir sıra idman məktəbləri, olimpiya kompleksləri inşa olunub, eyni zamanda  ali və orta təhsil müəssisələrində idman dərslərinin tədrisinə xüsusi yer ayrılıb.

  Belə ali təhsil müəssisələrindən biri də Bakı Mühəndislik Universitetidir. Burada idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirilir. Tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiada və birinciliklərdə uğurla çıxış edərək, mükafatçılar sırasında yer tuturlar. Belə tələbələrdən biri də universitetin Mühəndislik fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan 1-ci kurs tələbəsi Məhəmmədəli Quliyevdir. Qeyd edək ki, Məhəmmədəli Quliyev sərbəst güləş idman növü ilə məşğul olur.

  M.Quliyev ilə olan müsahibəmizi sizlərə təqdim edirik.

 

– Neçə yaşınızda idmana gəlmisiniz və ilk dəfə hansı idman növü ilə məşğul olmusunuz?

– İlk dəfə 4 yaşımda akrobatika tramplinində idmanla məşğul olmağa başlamışam. Akrobatika ilə 4 il məşğul olmuş, bu istiqamətdə Azərbaycan çempionu adını qazanmışam. Daha sonra idman fəaliyyətimi sərbəst güləş üzrə davam etdirmişəm.

– Nə səbəbə idman növünü dəyişərək sərbəst güləşlə məşğul olmağa başladınız?

– Televizorda sərbəst güləş üzrə yarışa baxan zaman həmyerlimiz qalib gəldi və mən də onun yerində olmaq istədim. Elə həmin yarışdan sonra məndə sərbəst güləşə maraq yarandı. Valideynlərimlə məsləhətləşdikdən sonra bu idman növü ilə məşğul olmağa başladım. Valideynlərim hər zaman mənə dəstək olublar.

– Akrobatika ilə məşğul olmağınızın sərbəst güləşdə sizə nə kimi faydası olub?

– Bəzən güləş zamanı daha elastik və çevik olmaq lazım gəlir. Akrobatika ilə məşğul olmağım belə hallarda mənə kömək edib.

– Sərbəst güləşin hansı fəndləri, qayda-qanunları, şərtləri var?

– Güləşdə rəqibin başını iki əllə tutub boğmaq, barmaqlardan tutmaq olmaz, sındırıcı fəndlər və bəzi hərəkətlərə qadağa qoyurlar. Döşəkcədən çıxartmaq fəndi 1 xal, tullamaq (brasok) fəndi 4 xal, boğma və digər fəndlər isə 2 xalla qiymətləndirilir.

– Bu idman növünün digər idman növlərindən fərqi nədir?

– Güləş milli idman növüdür və olimpiya idman növləri sırasına daxildir.

– Sizin rəqibdən xal fərqi ilə geri qaldığınız və dönüş edib qələbə qazandığınız oyunlar olubmu?

– Əlbəttə. Son yarışımda rəqibimdən 3–0 hesabı ilə geriyə düşdüm. Oyunun bitməsinə az vaxt qalırdı. Məğlubiyyətlə barışmadığım üçün boğma fəndi ilə 2 xal aldım və yenidən həmin fəndi təkrar etdim. Nəticədə 4–3 hesabı ilə qalib gəldim. Bir dəfə də İranda daha bir idmançıyla güləşirdim və 8–2 hesabı ilə məğlub olurdum. Bu idmançıya 4 xallıq 3 dəfə tullamaq fəndi etdim və 12–11 hesabı ilə irəliyə keçib qalib gəldim.

– Siz akrobatika idman növündən  4 dəfə Azərbaycan çempionu, 5 dəfə Bakı çempionu olmusunuz. Sərbəst güləşdə isə 1 dəfə Azərbaycan, 3 dəfə Bakı çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, eyni zamanda dünya kubokunda 3 il ardıcıl olaraq 1 dəfə 2-ci yerin, bir dəfə 3-cü yerin, bir dəfə isə 1-ci yerin sahibi olmusunuz. Sizin fikrinizcə, bir idmançının uğur qazanması üçün lazım olan əsas şərtlər hansılardır?

– İdmanın əsas şərti dözümlü olmaqdır. Hansı idmançı sona qədər dözümlülük göstərirsə, həmin idmançı da qalib gəlir. Rejimə diqqət etmək də idmançıya lazım olan əsas şərtlərdən biridir.

– Öz üzərinizdə çalışırsınızmı?

– Bəli. Öz üzərimdə daima çalışıram və tez-tez məşqlər edirəm. Məşqlərə ara vermək olmaz. Gələcəyi fikirləşib qarşıma məqsəd qoymuşam. Məqsədim isə Olimpiya çempionu və Dünya çempionu olmaqdır.

– Öz rəqiblərinizi yarışdan əvvəl təhlil edib, araşdırıb, sizdən zəif və güclü cəhətlərini müəyyən edirsinizmi?

– Bəli, belə hallar çox olur. Rəqib məndən fiziki cəhətdən güclü olanda ona texnikam hesabına qalib gəlməyə cəhd edirəm. Onun hansı tərəfdən güclü və zəif olduğunu müəyyən etməyə çalışıram. Həmçinin rəqibimin oynadığı videolara da baxıram.

– Döşəkcədə “parter” vəziyyətinə düşdükdə hansı hərəkətləri etmək lazımdır?

– “Parter”də  hansı tərəfə fənd edilirsə, həmin tərəfə doğru sinəni qaldırıb o tərəfə doğru dayanırsan, o zaman ayağın da həmin tərəfə doğru olur. Əgər aldadaraq o biri tərəfə fənd edirsə, cəld olaraq əks tərəfə çevrilib həmin fəndin əksini edirsən.

– Güləşdə bənzəmək istədiyiniz, örnək götürdüyünüz hansısa idmançı varmı?

– Namiq Abdullayevə oxşamaq istəyirəm. Çox çevik, həm də dözümlüdür.

– Ölkəmizdə idmanın bütün sahələri üzrə inkişaf gedir. Bəs bu haqda nə deyə bilərsiniz?

– Ölkə prezidenti cənab İlham Əliyevin idmana qayğısı hər zaman dövlət səviyyəsində hiss olunur. Azərbaycanda güləş çox inkişaf edir. Bu idman növündə böyük nailiyyətlərimiz var. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da Prezident İlham Əliyevin onlara göstərdiyi etimadı doğruldacaq və  bayrağımızı dünya arenalarında ən yüksək zirvələrə qaldıracaqlar.

– Səmimi cavablara görə təşəkkür edirik  və üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandıracağınıza inanırıq.

– Çox sağ olun.

 

Kamal  Vələdov

Mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019