“SAHİBKARLIQ UNİVERSİTETİ” YAXŞI İDEYADIR “SAHİBKARLIQ UNİVERSİTETİ” YAXŞI İDEYADIR

, baxılıb - 39 dəfə

Amma hələ ki, bizim ali məktəblər buna tam hazır deyil

“Bizdə layihələri hazırlayıb, qanunları qəbul edirlər, amma icra mexanizmi düzgün qurulmadığı üçün müəyyən axsamalar olur”

 
 
Təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda universitetlərdə və elmi təşkilatlarda 33 mindən artıq alimin elmi tədqiqatla məşğul olduğunu deyib.
Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.
 
C.Bayramov innovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "Sahibkar universitet” modelinin hazırda daha da aktullaşdığını deyib. Onun fikrincə, son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb: 
 
"Son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. Patent alan ixtiraların sayı isə 159-dur ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub”.
 
Qeyd edək ki, "Sahibkarlıq universiteti” anlayışı, ilk növbədə tələbə və müəllim heyəti arasında sahibkarlıq vərdişlərini inkişaf etdirən və dəstəkləyən ali təhsil müəssisəsidir. Eləcə də yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirməklə yanaşı, sənaye müəssisələri və digər təşkilatlarla yaxından əməkdaşlıq edib, elmin kommersiyalaşdırılmasına əhəmiyyət verən, universitetdə aparılan elmi-tədqiqat və kadr hazırlığı işini sənayenin tələblərinə uyğun quran qurumdur.
 
Sahibkarlıq universitetinin əsas məqsədi universitetdə formalaşdırılan innovasiya və alınan patentləri sahibkarlıq subyektlərinə çevirməklə ölkənin iqtisadi inkişafına və innovativ ekosisteminin yaradılmasına, həmçinin maliyyə imkanlarının artmasına müsbət təsir göstərmək və bununla da elmin kommersiyalaşdırılmasına nail olmaqdır.
 
Azərbaycanda Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov "Sahibkarlıq Universiteti” modelinin inkişaf etdirilməsi istiqamətində rəhbərlik etdiyi qurumda işlər davam etdirildiyini deyib. Sözügedən qurumun rektorunun sözlərinə görə, universitetlərin biznes və dövlət qurumları ilə birgə əməkdaşlığı nəticəsində elmin inkişafına, yüksək texnologiyaların yaradılmasına, innovasiya ekosisteminin formalaşmasına nail olmaq mümkündür: "Universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ ekosistemin formalaşması və inkişafında ən əhəmiyyətli rol oynayan sahibkarlıq universiteti modeli hazırda daha da aktuallaşıb. 
 
Ölkəmizin inkişaf strategiyasında innovasiya iqtisadiyyatının bütün sahələrdə qurulması vurğulanır və bu səbəbdən də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşdırılmasına xüsusi əhəmiyyət verilir. Biz də sənaye və biznes müəssisələri ilə əməkdaşlıq şəraitində innovasiya və sahibkarlığı inkişaf etdirmək istəyirik. Bunun üçün Bakı Mühəndislik Universiteti yüksək texnologiya və sahibkarlıq təhsili imkanlarını genişləndirmək, startaplara daha çox dəstək vermək, innovasiya və sahibkarlıq mədəniyyətini daha da inkişaf etdirmək niyyətindədir. Yerli və qlobal məkanda sahibkarlıq, innovasiya və biliyin cəmiyyətə və sənayeyə ötürülməsini təbliğ etmək, universiteti sənaye ilə əlaqələndirmək, texnoloji transfer mərkəzi və eləcə də elmi tədqiqatların kommersiyalaşdırılmasında maraqlı olan bütün tərəflər üçün tərəfdaş rolunu oynamaq, professor-müəllim heyətinə sahibkarlıq səylərində kömək etmək də BMU-nun hədəflərindəndir”.
 
H.Məmmədov bildirib ki, BMU sahibkarlıq universiteti potensialına malikdir. Belə ki, gənc universitet olmasına baxmayaraq, BMU öz kampusunda sahibkarlıq ənənəsinin yaradılması ilə bağlı bir çox iş görüb. Həmçinin, ölkədə yüksəkixtisaslı mühəndislərin yetişdirilməsi və mühəndis texnologiyalarının təkmilləşdirilməsi vəzifəsi də ölkə prezidenti tərəfindən Bakı Mühəndislik Universitetinə tapşırılıb.
 
 
Təhsil eksperti Etibar Əliyev ali təhsil müəssisələrində bu cür platformaların qurulmasının zəruriliyini önə çəkib. Onun fikrincə, təhsildə yeni yanaşmalar ali məktəblər qarşısında yeni vəzifələr ortaya qoyur: 
 
"Təbii ki, təhsil nazirinin də dediyi kimi, bu cür sinerjinin təşəkkülündə ali məktəblər platforma rolunu oynamalıdırlar. Ekosistem - özünü təşkilatlandıran, özünü tənzimləyən və inkişaf etdirən sistemdir. Bu xarakteristikalar ali təhsildə aparılan ciddi islahatlar hesabına aktuallaşa bilər. Əgər islahatlar düzgün aparılarsa, əldə olunan nəticələr də müsbət olar”.
 
Təhsil eksperti Nadir İsrafilov isə "Sahibkarlıq universiteti” modelinin dünya praktikasında mövcud olduğunu deyib. Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlər də sahibkarlığın bir formasıdır: 
 
"Sadəcə, "Sahibkar universitet” anlayışı bizim üçün yeni olduğundan tam olaraq hazır deyilik. Bizim özəl ali məktəblərdə daha çox "ailə modeli” üstünlük təşkil edir. Ata rektordursa, oğul prorektor, dekan da qayın olur. Biz təhsilimizi beynəlxalq sistemə uyğunlaşdırmaq üçün rərbər şəxslərin universitetlərə ata malı kimi yanaşmasını aradan qaldırmalıyıq. Azərbaycan istər-istəməz dünyada gedən qloballaşma ilə ayaqlaşmalıdır. Hesab edirəm ki, "Sahibkar universitet” modeli ilə bağlı mexanizm düzgün hazırlanmalıdır. Bizdə layihələri hazırlayıb, qanunları qəbul edirlər, amma icra mexanizmi düzgün qurulmadığı üçün müəyyən axsamalar olur”.
 
"Sahibkar Universitet” modelini Azərbaycanda tətbiq etmək üçün müəyyən zaman gərəkdiyini vurğulayan təhsil eksperti deyib ki, irəli sürülən təkliflərin kütləvi şəkildə həyata keçirilməsi də real deyil: 
 
"Təhsildə həyata keçirilən yeniliklər, innovativ tədbirlər pilot şəklində olur. Fikrimcə, Bakı Mühəndislik Universiteti "Sahibkar universitet” modeli üçün daha optimal variantdır. Ərazisi geniş olduğu üçün kampus imkanları var. Maddi-texniki bazası da imkan verir ki, bu modelin tətbiqi məhz oradan başlanılsın. İnkişaf rüşeymləri özünü göstərdikcə digər universitetlər də bu təcrübədən istifadə edəcəklər. Ölkə başçısının sərəncamı ilə 4 universitetə publik-hüquqi şəxs statusu verilib. Bu sərəncam universitetlərin çevik və modern sistem qurmasına, müstəqil idarəçilik formalaşdırmasına zəmin yaradır. Dediyim kimi, bir az zaman lazımdır. Heydər Əliyevin də dediyi kimi, təhsil radikallığı sevmir, təkamül yolu ilə inkişaf etdirilməlidir”.
 
Şəymən
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018