“Amerikalı tələbələr öz universitetlərinə sahib çıxırlar” “Amerikalı tələbələr öz universitetlərinə sahib çıxırlar”

, baxılıb - 80 dəfə

 

Elçin Süleymanov: “Əgər universitet böyümək istəyirsə, alternativ qazanclar tapmalıdır”


 

Müasir dünyada ali təhsil müəssisələri arasında əməkdaşlıq universitetlərin inkişafında və beynəlxalq akademik birlik tərəfindən tanınmasında mühüm faktorlardan hesab olunur.  Bu səbəbdən də universitetlərin beynəlxalq əməkdaşlığa artan diqqəti  başadüşüləndir.  Müsahibimiz  Bakı Mühəndislik Universitetinin  elmi işlər üzrə prorektoru, dosent   Elçin Süleymanov ABŞ Dövlət Departamentinin dəstəyi ilə Amerikada  elmi ezamiyyətdə olub.  ABŞ-a səfəri çərçivəsində ölkənin qlobal reytinqlərdə ön sıralarda olan nüfuzlu ali məktəblərində (Columbia University, New York University, Pace University,  The George Washington University, Georgetown University, George Mason University) Azərbaycan universitetləri  ilə əməkdaşlıq məsələləri və digər mövzularda keçirilən konfranslarda iştirak edib.  E.Süleymanov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində  səfər təəssüratlarını bölüşdü.

 

ABŞ universitetləri əməkdaşlığa açıqdır...

 

- ABŞ universitetləri Azərbaycan ali məktəbləri ilə əməkdaşlığa necə baxır?

 

- ABŞ-a getməmişdən əvvəl mən də düşünürdüm ki, artıq Amerika universitetlərinin əməkdaşlıq, əlaqələr üçün qapıları açıqdır, heç bir problem yoxdur, bizi gözləyirlər və s. Amma orada baxdım ki, yox, belə deyil.  ABŞ  universitetlərinin çoxunu Azərbaycan universitetləri ilə əməkdaşlıq hansı aspektdə düşündürür, hansı tərəfdən maraqlı ola bilər? Bizim üçün ABŞ ali məktəbləri ilə əməkdaşlıq onsuz da maraqlıdır. Amerika universitetlərinin əksəriyyətində, beynəlxalq əlaqələr, ictimai əlaqələr departamentlərinin rəhbərləri və bəzi ali məktəb  rektorlarının köməkçiləri ilə keçirdiyim görüşlərdə gəldiyim nəticə budur:  ABŞ  universitetləri   əməkdaşlığa açıqdır, heç bir problem yoxdur. Amma  onlar  belə düşünür:  bu əməkdaşlıq bizim  üçün faydalı olacaqmı?   Bu əməkdaşlıqdan faydalana biləcəyikmi? Bu kimi məsələləri qabardırlar. Məsələn, onlar görüşlərdə şərtlərinə uyğun gələn magistr tələbələrimizi və FhD dərəcəli məzunlarımızı məmnuniyyətlə qəbul edə biləcəklərini  qeyd edirlər. Düşünürəm ki,  bu, onlar üçün tələbə qəbulunun bir aspektidir.  Onlar da öz tələbələrini bizim ali məktəblərə göndərə biləcəklərini deyirlər. Ancaq Amerikadan bizdə  oxumaq istəyən neçə tələbə ola bilər?  Və nə qədər bizdən ora getmək istəyən. Onlar bildirirlər ki, bu, ikitərəfli əməkdaşlıqdır. Ancaq real olmaq lazımdır, bu, təktərəfli ola bilər. Yəni, bizim tələbələr daha çox gedə bilər. Buna görə də mən bəzilərinə deyirdim ki, biz bunu tələbə mübadiləsi şəklində edə bilərik. Onlar isə bunun  Fulbrayt proqramı çərçivəsində mümkünlüyünü deyirdilər.  Onsuz da Azərbaycandan və Avropadan proqram çərçivəsində ABŞ-a tələbələr gedir.  Bu seçimi tələbələr özləri bu və digər universitetin reytinqinə uyğun qiymətləndirir. Onların əməkdaşlığa hazır olduqları ikinci məsələ isə ortaq layihələrdir. Onlar deyirlər ki, Avropa Birliyinə təqdim etdiyiniz  layihələri bizə təqdim  edin. Məlumdur ki,  Avropa Birliyinin  20-yə yaxın layihəsi var ki,  onun  ümumi maliyyəsi 60 milyard dollardır.  Təbii ki, ABŞ elm və təhsilə böyük pullar ayırır, böyük fondları var.  Avropa Birliyinin  vəsaitindən də çox pulu var. Onlar qeyd edirlər ki,  biz Amerikadan Avropa Birliyinin  layihələrinə müraciət edə bilmirik. Ancaq, siz deyək ki, Azərbaycan  və ya AB ilə tərəfdaş universitetlər qazandığınız layihələrə partnyor kimi bizi də qata bilərsiniz.  Yəni Avropa bazarına çıxa bilmədiklərindən tramplin olaraq Azərbaycan universitetləri və ya Avropadakı ali məktəblərdən istifadə etmək istərdilər.  Onlar bizim layihələrdə iştirak etmək həvəsində olduqlarını  bildirirdilər.  Amma  səmimi  etiraf etsək, reallıq budur ki, əgər universitetlər tanınırsa,  dünya reytinqində yer alırsa, əməkdaşlıq o zaman maraqlı olur.  Bir universitet partnyorları seçərkən müəyyən qədər reytinqi yüksək olan ali məktəblərlə əməkdaşlığa  meyil edir. Çünki bu  əməkdaşlığın ona  reytinq gətirəcəyini düşünür. 

 

Dünyanın ən yaxşılarını cəlb etmək istəyirlər

 

- Amerika tələbə cəlb etmə məsələsində fəaldır.  Lakin biz onların müəllim cəlb etmə məsələsində də aktiv olduğunu görürük... 

- Amerikada 3 mindən çox universitet var. Onlar bütün dünyadan tələbə qəbul edir.  Bütün ali təhsil sistemi rəqabət üzərində qurulub. Ən yaxşı tələbəni, ən yaxşı müəllimi cəlb etmək üçün mübarizə gedir. Burada ən yaxşı müəllim cəlbetmənin  bir sonucu da ən yaxşı tədqiqatçılara gətirib çıxarır. Dolayısı ilə burada bir çarx mexanizmi işə düşür. Yəni,  universitet çalışır ki,  ən yaxşı tələbəni cəlb etsin, ən yaxşı məzun hazırlasın. Məsələn, Harvard Universiteti məzunlarının (bütün dünya üzrə) ortalama illik gəlirləri  200 milyon dollardan artıqdır. Bu, ali məktəb məzunlarının 70 faizinin gəlirləri deməkdir.  Universitetlər yaxşı məzun yetişdirməklə bir lobbi,  bütün dünyada aktiv müdafiə olunan akademik bir sistem, deyək ki, dövlət idarəetmə pilləsində işləyən və biznes dünyasında çox uğurlar qazanmış təmsilçilər qazanırlar.  Artıq dünyanın bütün ölkələrində  Harvard məzunları olan nüfuzlu iş adamları, dövlət rəsmiləri universitetə milyonlarla ölçülən qrantlar ayırır və ya yardım göstərirlər. Burada əsas nüans odur ki, rəqabət var, rəqabətə görə bütün dünyanın ən yaxşılarını cəlb etmək istəyirlər. Bu həm tələbə, həm də müəllim kontingentidir.

 

Universitet biznesə inteqrasiya olunmasa...

 

- Amerika universitetinin gücü nədədir?

-  Tam səmimi söyləyim ki, bu gün elmin vətəni Amerikadır. Bunun da faktiki, real səbəbləri var. Birincisi, 200-250 illik universitet ənənəsi formalaşıb ki, bu ənənə həmişə proqressiv əhəmiyyət daşıyır. İkincisi maliyyə məsələsidir. Yəni Amerikada dövlətin, eyni zamanda şirkətlərin universitetlərə ayırdığı pul həddən artıq  böyük məbləğdir. Amerika  universitetlərində elmə çəkilən xərclər dünyanın qalan 180 ölkəsinin elmə çəkdiyi xərcin cəmindən daha çoxdur.  Maliyyə və  bu vəsaitin düzgün xərclənməsi, yəni   nəzarət mexanizmi  olduqca ciddi məsələdir. Bu, universitetin inkişafına gətirib çıxarır.  Dünyanın 10 ən iri şirkətindən 8-i Amerikanındır  və onların arasında marka dəyəri 1 trilyon dollar olan Amazon və digər nüfuzlu şirkətlər var. Bu şirkətlər dəyər olaraq böyüdükcə öz vəsaitlərinin bir hissəsini də elmə və innovasiyalara, universitetlərə  ayırırlar.  Böyük pullarla onlar həm də həqiqi elmi ortaya çıxarırlar.  Həm tibb, həm mühəndislik, fəza tədqiqatları, sürücüsüz maşınlar sahəsinə çoxlu vəsait ayırırlar. Nəticədə, yeni texnologiyalar, yeni məhsul ortaya çıxır.  İri şirkətlər də bu cür texnologiyaların və məhsulların yarandığı  yer kimi ya özlərinin araşdırma departamentlərini, ya da universitetləri görürlər. Təbii ki, Amazon, Silikon vadisindəki  digər şirkətlər  öz tədqiqat bölmələrini  universitetlərə etibar etmirlər. Ancaq universitetlərdən  elm adamlarını, alimləri dəvət edirlər. Silikon vadisində onlara ofis verirlər, yəni yenə də universitet elmindən istifadə edirlər. Yəni məkan olaraq tədqiqat departamentlərinin özlərində olmasını istəyirlər. Ancaq orta səviyyəli şirkətlər, ayrıca bir  tədqiqat departamentləri qurmağa maliyyəsi çatmayanlar mütləq universitetlərlə əməkdaşlıq edirlər. Onlar bilirlər ki, universitet biznesə inteqrasiya olunmasa, bir arada olmasa, rəqabətdə uduza bilərlər. Yəni ona görə  onlar alimin  müasir elmi biliklərini, tələbələrin tədqiqat  məhsullarını, alın tərlərini  kommersiyallaşdıra bilirlər. Bundan həm universitet,  həm də iri şirkətlər qazanır.

 

 

“Təhsil haqqı çox da aktual deyil”

 

- ABŞ universitetləri pulu necə qazanır?

- Bu məsələ həqiqətən çox əhəmiyyətlidir. ABŞ universitetləri (Harvard, Stanford) formalaşmağa başladığı ilk vaxtlardan kilsə başda olmaqla cəmiyyət, daha sonra isə iş adamları ali məktəbləri maliyyələşdiriblər. Onlar üçün tələbənin təhsil haqqı çox da aktual deyil.  Azərbaycan universitetləri və postsovet ölkələrinin  ali məktəblərinin hazırda, düşünürəm ki, dünya reytinqlərinə düşməsinə mane olan nüanslardan biri budur.   Yəni ABŞ-da  təhsil haqları ali məktəbin ümumi gəlirinin  20-30 faizini  təşkil edirsə, bizdə bu 90 faizdir. Bəzi universitetlərimizdə isə daha da yüksəkdir. Belə olanda innovasiyalara, elmə pul qalmır.  Onda sual yaranır:  ali məktəbin ümumi gəlirinin 30 faizi tələbə təhsil haqlarından formalaşırsa, qalan 70  faiz necə əldə olunur? Əgər universitet yaşamaq, böyümək istəyirsə, çalışıb alternativ qazanclar tapmalıdır.  Lakin bu qazanclar da universitet ənənələrinə uyğun olmalıdır. Ən arzuolunan qazanc layihələrdə iştirak etmək, qrantlar əldə etmək, bu qrantlarla innovasiyaları ortaya qoymaqla ola bilər.    Bunlar ali məktəblər üçün arzuolunan istiqamətlərdir. Bir çox universitet magistr və FhD  dissertasiyalarını  kommersiyalaşdırırlar. Yəni, əvvəlcə müəllim bir qrantı udur, sonra o qrantı dissertasiya mövzusu kimi  bir neçə tələbəyə, məsələn, doktorantlara paylaşdırır. Bunun üçün də yüksək dərəcəli tələbələr seçilir. Onlar da öz layihələrini  reallaşdırırlar, FhD  dərəcəsi alırlar. Universitet, müəllimlər isə bundan pul qazanır, bir nüans budur. İkinci bir nüans odur ki,  özünəməxsus  universiet ənənəsi formalaşır. Məsələn, Harvard və Stanford eyni şəhərdədirlər. Amma Harvard tələbəsi Stanford tələbəsini  özünə rəqib görür və əksinə. Yəni tələbələr arasında çox  ciddi rəqabət var, hər kəs öz universitetinə sahib çıxır,  bu sahiblik isə məzun olduqdan sonra ali məktəbə necə yardım edəcəyi məsələsinə  gətirib çıxarır.

 

Əgər tələbə təqaüdlə oxuyubsa, məzun olduqdan sonra ali məktəbinə  dəstək göstərməkdə özünü borclu bilir.   Onu da deyim ki, bizdəki güzəştli oxuma  sistemi Amerikada bir az fərqlidir.  Yəni bir tələbənin tamamilə pulsuz oxumasındansa, onlar o tələbənin işləməsinə kömək etməyə çalışırlar. Universitetlər könüllü xidmətlər təklif edirlər, yəni tələbə təqaüd alır  və təhsil haqqı ödəmir, əslində ali məktəbin əməkdaşı olur. 

 

Bizdə də,  düşünürəm ki, belə bir təcrübə çox müsbət olardı.  Yəni ailə vəziyyətinə və digər müəyyən səbəblərdən təhsil haqlarını ödəyə bilməyən tələbələr universitet kitabxanalarında çalışa,  universitetin tanıtım bölmələrində,  eləcə də müəllimlərin köməkçiləri kimi  işləyə bilərlər. Amerika universitetlərində tələbələrin kampus daxilində 2-3 saat ərzində könüllü olaraq işləmələrinə icazə verilir.  Bu tələbələr məzun olduqdan sonra  öz borclarını ali məktəbə yardım kimi geri qaytarırlar. Əksər universitetlərdə tələbə assosiasiyaları var.  Onlar öz ali məktəbləri üçün çox ciddi maliyyə fondları tapırlar. Bunun da əsas səbəbi odur ki,  məzun universitetini  sevməlidir. Azərbaycanda son illərdə müsbət haldır ki,  universitetçilik  ənənəsi məsələn, Bakı Mühəndisluk Universitetində  yaranır. Burada  tələbə platformaları var. Hər bir tələbə öz universitetini  müsbət nüansları ilə qabartmağa çalışır, ona sahiblənir. 5-10 il əvvəl belə idi ki, “diplom alım,  bir də universitetin yaxınlığından keçməyəcəyəm” deyirdilər.  Yəni universitetindən, müəllimindən küsərsə,  heç bir məzun ali məktəbinə  yardım etməz.  Amma universitetini sevirsə, universitet inkişaf  etdikcə düşünür kü, özü də, özünün cəmiyyətdəki etibarı da  inkişaf edir, onda universitetinə dəstək verir. Dediyim kimi, Harvardın reytinqi nə qədər artırsa, onun məzununun   reytinqi də o qədər artır.   Üçüncü nüans odur ki,universitetlərin xatirə əşyaları satan brend  mağazaları var.  Nyu-York Universitetinin 4-5, Corc Vaşinqton Universitetinin  Vaşinqton şəhəri ərazisində 10-a yaxın,  Merilend Universitetinin xatirə əşyaları satılan 4 mərtəbəli mağazaları var.  Xatirə əşyaları  universitetlərə çox böyük gəlir gətirir.

 

Onların düşüncəsinə görə, dünya reytinqinə girə  biləcək bir universitetin 50 milyon dollardan artıq  büdcəsi olmalıdır. Məsələn,  Harvard Universitetinin  büdcəsi 30 milyard  dollardan artıqdır.  Reytinq tərtibçiləri də ona baxırlar ki, universitetin büdcəsi nə qədərdir  və onun neçə faizi elmə sərf olunur.  Azərbaycan universitetlərinin ən böyük problemi olaraq onu göstərmək olar ki, fundamental tədqiqatlar üçün çox ciddi pullara ehtiyac var.  Təbii  ki,  təhsil haqları hesabına bu pulları formalaşdırmaq mümkün deyil.

 

“Reytinqə düşməyin yolu sadə  və aydındır”

 

- Universitetlərimiz dünya reytinqlərinə necə düşə bilər?

 

- Əslində, onu deyim ki, reytinqə düşmək həm çətin, bir tərəfdən baxdıqda yolu sadə  və aydındır.  Sadəlik nədir? Reytinqlərdə 5 kateqoriya dəyərləndirilir. Ən əhəmiyyətliləri beynəlxalq  müəllim, əcnəbi tələbə kontingenti, beynəlxalq tədqiqatlar, kampus sistemi, tələbə sayı və s.  

 

Azərbaycan universitetlərinin  beynəlxalq reytinqlərə düşməsinə gəlincə, deyə bilərəm ki, əgər ali məktəblərin arxasında iri şirkətlər olarsa və sponsorluq edərsə,  universitetlərimizin reytinqdə olmasına kömək edə bilər. Əgər ali məktəbin akademik heyətinin 15-20 faizi əcnəbi olarsa,  bu reytinq üçün əhəmiyyətli nüans ola bilər.  Deyək ki, bu  bir ölkədən deyil, 15-20 ölkədən, hərəsindən 2-3 alim ola bilər. İkinci bir nüans  beynəlxalq tələbələrlə bağlı ola bilər. Biz də müəyyən fondlar hesabına, məsələn Qazaxıstan, Gürcüstan, Baltikyanı kimi ölkələrdə olduğu kimi   tələbələri cəlb edə bilərik. Əgər xaricdən təqaüd hesabına 100-ə yaxın tələbənin ölkəmizdə təhsili mümkün olarsa,  bu, hökmən reytinqlərdə ölkəmizin durumuna təsir edə bilər. Üçüncüsü isə  tədqiqat  məsələsidir. Bu  məsələ hətta ilk 2-dən (əcnəbi tələbə, müəllim sayı) daha əhəmiyyətlidir. 

 

Reytinq daha çox tədqiqatla bağlıdır, lakin bu tədqiqat bəhs etdiyim beynəlxalq müəllimlərlə paraleldir. Keyfiyyətli müəllim kontingentinə görə, mən ADA Universitetini  alqışlayıram, çünki onların xüsusən də ictimai elmlərdə 54 məqaləsi dərc olunub. Dəqiq elmlərdə isə bu sahədə şübhəsiz  BDU digər ali məktəbləri qabaqlayır. Və yeri  gəlmişkən, tədqiqat universiteti statusuna girən bizdə sadəcə BDU  var.  Çünki bizdə  ölkədə yerinə yetirilən elmi tədqiqatların 10 faizi bu ada  iddia edən ali məktəbdə yerinə yetirilməlidir. Bu 10 faiz  deyək ki, Thomson Reuters  jurnallarında bizim 400-500 məqaləmiz dərc olunur, bunun isə  10 faizi   40-50 təşkil edir. BDU-nun dərc etdirdiyi məqalələrin  sayı  il ərzində 10 faizi keçir.  Bu faizi keçən, yəni tədqiqat universiteti statusu qazanmaq istəyən ikinci universitet yoxdur. Reytinqlərdə yer tutmağa ali məktəblərin  konfrans materialları da təsir edə bilər. Onlar il ərzində 2 konfrans keçirir və 20 alim dəvət olunur.  Onlar  öz məqalələri ilə çıxış edirlər, bu məqalələr isə impakt faktorlu jurnallarda  dərc olunur.  Nəticədə bu alimlərin məqalələri qısa vaxtda böyük istinad qazanır. Bizim universitetlərin də beynəlxalq reytinqlərdə yer tutmasının bir yolu da bu ola  bilər. 

 

“Bizdə Bil Qeytslər, Mark Sukerberqlər kimi zəkalar var”

 

- Builki qəbul kampaniyasında 138 yüksəkballı gəncin  BMU-nu seçməsini necə qarşıladınız?

 

- Onların BMU-nu seçməsi çox əhəmiyyətli məqamdır.  Əvvəllər  maliyyə ixtisasının  ingilis dili bölümünə keçid balı 660-dan yüksək olmuşdur. İlk məzunlardan əksəriyyətini  bu vaxta qədər tanıyıram. Giriş balı çox əhəmiyyətlidir. Nəyə görə? Tələbənin zəka, analitik düşünmə səviyyəsi, aldığı  təhsil yüksək olduqca onunla işləmək daha rahat olur.  Müəllimlər də məcbur olub onların arzu etdikləri səviyyələrdə bilik  verə bilmək üçün öz üzərlərində çox işləməli olurlar. Sevindirici hal odur ki, xüsusən də mühəndislik, texnologiyalarla bağlı olan ixtisaslarda keçid balı 630-640-dan çoxdur. Bu, çox əhəmiyyətlidir. Eyni zamanda maliyyə və mühasibatlıqda da bu il 670-675 bal toplamış kifayət qədər tələbəmiz var. Düşünürəm ki, bu cür yüksək hazırlıqlı tələbələrin yaxşı bir mühitdə olmaları, onların qabiliyyətinin  üstünə yüksək qabiliyyətlər də əlavə edilməsi müsbət nəticələr verə bilər. Mən yüksəkballı tələbələrimizə bu perspektivdən yanaşıram.  Bizə qəbul olunan tələbələr xarici ölkələrə, Amerika, Avropaya gedə, orada keyfiyyətli bir işlə təmin olunaraq həm də təcrübə qazana bilərlər. Bizim kompüter mühəndisliyi, IT sahəsində bir sıra tələbələrimiz var ki, Amerikada, Silikon vadisində  çalışırlar. Onların işlədiyi layihələr milyon dollarla ölçülür. Mən ən azı 10-a yaxın gəncimizi tanıyıram ki, ilk rüşeymlərini bizim universitetlərdə alıblar. Bizdə Bil Qeytslər, Mark Sukerberqlər kimi zəkalar var. Bunu inkar etmək olmaz. Sadəcə müəyyən şərait, müstəvi lazımdır. Universitet məhz bu müstəvi ola bilər.

 

“Bizim şansımız var...”

 

- Ekspertlərə görə dünya təhsil bazarı 5 trilyon dollarla ölçülür, yaxın illərdə bu rəqəmin 7 trilyona çatacağı bilidirilir. Bu bazarda bizim paya sahib olmamız üçün nə etməliyik?    

- Bu, çox aktual məsələdir və mən deyərdim ki,  bizim şansımız var. Nəyə görə? Son illərdə Azərbaycanda demək olar ki, bir neçə aparıcı universitetdə ingilisdilli  ixtisaslar var. Yəni dünya tələbəsinə xitab etmək üçün birinci şərt odur ki, ingilisdilli ixtisaslar olsun. Çünki bu gün elmin dili ingilis dilidir.  İkincisi, tələbələrin  normal yaşamaları üçün kampus sistemi, yataqxana olmalıdır. Söhbət ondan gedir ki, əgər biz xaricdən tələbə cəlb etmək istəyiriksə onlar üçün  cəlbedici imkanlar (müəyyən təqaüdlər, yataqxana və s.) yaradılmalıdır.   Bu sahədə dünya ölkələri arasında çox ciddi rəqabət var.  Qardaş Türkiyədə bu məsələ dövlət siyasəti daşıyır.  Azərbaycanda 4-5 min əcnəbi tələbə təhsil alır. Əvvəlki illərlə müqayisədə müəyyən qədər artımlar da var. Amma düşünürəm ki, burada coğrafiyanın genişləndirilməsi  əhəmiyyətli ola bilər. Burada mən ADA Universitetini  müsbət mənada alqışlayıram.   Onlar əcnəbi tələbələrin univesitetdə oxuması üçün  yaxşı şərait yaradıblar.  Əcnəbi tələbələr Xəzər Universitetində, Bakı Mühəndislik Universitetində də var. BMU-da hazırda 200-ə yaxın əcnəbi tələbə təhsil alır. Amma ölkə coğrafiyasında əcnəbi tələbələr çox deyil.  Bizdə hardasa 12-13 ölkədən tələbə var. Kolumbiya Universitetində 160 ölkədən tələbə var, hədəf isə yaxın 5 ildə onların sayını 180-ə çatdırmaqdır.  Yəni çalışırlar ki, bütün ölkələrdən tələbə olsun.  Bizim hazırda 50 -yə yaxın ölkədən tələbəsi olan  bir-iki universitetimiz var. Hədəf isə 100-lük olmalıdır.   Amerika və ya Avropa tələbəsi bizə  oxumağa gələ bilərmi? Ya ali məktəb ona  çox cəlbedici imkanlar verməli, təqaüd ayırmalı, yataqxana ilə təmin etməlidir, digər tərəfdən elə ixtisaslar ola bilər ki, onu yalnız bizdə  öyrənmək mümkündür.  Bunlar dil, folklor, milli, Şərq mədəniyyətinin öyrənilməsini nəzərdə tutan ixtisaslar ola bilər. Bizim ingilisdilli universitetlər bu strategiyanı inkişaf etdirsələr, müəyyən müddətdən sonra cazibə mərkəzinə çevrilə bilərlər.  Yəni əcnəbi tələbə böyük təhsil  tortudur. Bu tortun böyük hissəsi ABŞ və Böyük Britaniyanın əlindədir. Qalan hissəsi uğrunda isə digər ölkələr arasında ciddi mübarizə gedir.  Çünki əcnəbi ölkə iqtisadiyyatına çox böyük  gəlirlər gətirir.

 

“Əksəriyyət universitetə velosipedlə gəlir”

 

- Amerikalı tələbələri bizim tələbələrlə müqayisə etmək imkanınız oldumu?

- Bu da çox maraqlı məqamdır. Mən bunu təkcə Amerikada deyil, Avropada da müşahidə etmişdim. Doğrudan da, amerikalı tələbəni  bizim tələbə ilə fərqləndirən nədir?  Birinci budur ki,  Amerikadakı tələbə nə cib telefonu,  nə minik maşını ilə fərqlənməyi təsəvvürünə belə gətirmir.  Əksəriyyəti universitetə velosipedlə gəlir və s. Cəmiyyət tələbələrində də bunu formalaşdırır. Amerikada  universitetlərdə 5-6 mərtəbəli  5-6 böyük kitabxana var.  Bütün tələbələr, müəllimlər, şəhər əhalisi, hər hansı bir şəxs istənilən saatlarda kitabxanalardan istifadə edə bilər. Tələbələr üçün daha böyük imkanlar var. Onlara məqalələrin surətini çıxarmaq pulsuzdur. Müzakirə aparacaqları sakit otaqlar var.  Mən gecə də saat 11-12-də getdiyim universitetlər oldu ki, kitabxanaları dolu idi. Bunun 2 səbəbi var. Biri odur ki, tələbələr  yüksək təhsil haqları ödəyir, istəyirlər maksimum yararlansınlar. İkincisi çox ciddi iş rəqabəti var. “Diplom aldım, artıq işə düzələ biləcəm”  kimi bir məsələ yoxdur. Maksimum çalışır ki, universiteti diplomla yanaşı, sertifikatla bitirsin. Bu istiqamətdə amerikalı tələbələr arasında çox ciddi rəqabət var. Bunun bizim tələbələr arasında da olmasını arzu edərdim.

 

Oruc MUSTAFAYEV

 

http://muallim.edu.az/news.php?id=2305

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018