"İdeal müəllim"kitabının təqdimatı oldu "İdeal müəllim"kitabının təqdimatı oldu

, baxılıb - 10 dəfə

 

 

Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının Riyaziyyat müəllimi Bəhman Məmmədovun "İdeal Müəllim" kitabının təqdimatı olub. Tədbir"Azərkitab" Kitab Təbliğatı Mərkəzində baş tutub. Təqdimat mərasiminə tanınmış ziyalılar, ictimai xadimlər, jurnalistlər, BMU-nun rəhbər heyəti və tələbələr qatılıblar.
Qeyd edək ki, "İdeal Müəllim" kitabının rəyçiləri Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və professor Azadxan Adıgözəlovdur.
Ə.Ağayev kitaba yazdığı ön sözdə bildirib ki, müasir təlim prosesinin mərkəzində şagirdin dərketmə fəaliyyəti durur: "Müəllif təlimin üç başlıca vəzifəsini verir: öyrətmək, tərbiyə etmək və inkişaf etdirmək. Bəhman Məmmədovun "İdeal müəllim" kitabı müəllimlik sənətini özünə peşə kimi seçən gənc nəslin oxuması vacib olan vəsaitlərdəndir. Kitab təlim və tədrisin bir çox məsələlərinə işıq tutaraq qaranlıq olan cəhətləri aydınlaşdırır".
Təqdimat mərasimində ilk öncə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova çıxış etdi. Onun sözlərinə görə, "İdeal müəllim" kitabı gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması baxımından dəyərli əsərdir. Bu səbəbdən əsər gənc müəllimlərin stolüstü kitabı olmalıdır: "Riyaziyyat elmlərin açarıdır. Məntiqi təfəkkür də Riyaziyyatla bağlıdır. Bəhmən müəllim bu elmə böyük əhəmiyyət verdiyindən "Pifaqor" Akademiyasının açılması təşəbbüsünü irəli sürüb. Bəhman müəllim Riyaziyyatı oyun formatına çevirərək şagirdlərin daha yaxşı qavramasına nail olub. Onu da qeyd etmək istəyirəm ki, hər il onun yetirmələri beynəlxalq olimpiadaların iştirakçısı olurlar. Biz də bu əməkdaşlığı qurmuşuq və ümidvarıq ki, növbəti illərdə də bizim məktəblərin şagirdləri uğurlar qazanacaqlar.
"İdeal müəllim" kitabına gəlincə, həqiqətən də bizim cəmiyyətdə əsl müəllimə çox böyük ehtiyac vardır. Bəlkə də bu kitabın ərsəyə gəlməsinin bir səbəbi də bu ehtiyacdır. Problemlərin çözülməsi yollarını bu kitabda Bəhman müəllim göstərib. Mənə elə gəlir "İdeal müəllim" gənc müəllimlərin stolüstü kitabı olmalıdır. Çünki burada müəllimin şagirdlərlə necə davranması, hansı prinsiplər əsasında münasibətlər qurması, ümumiyyətlə, tədris prosesinə necə yanaşması məsələləri öz əksini tapıb. Mən bu kitabı müəllimlərə ərməğan hesab edirəm. Onlar bu kitabı oxuyaraq professional səviyyələrini artıra bilərlər və gözəl müəllim kimi yetişə bilərlər".
Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov deyib ki, yeni savadlı, tərbiyəli gənc nəsilin yetişdirilməsində bu kitab əhəmiyyətli rol oynaya bilər: "Mən müəllim ailəsində anadan olmuşam və ali məktəbi bitirdikdən sonra Təhsil Nazirliyində işləmişəm, Azərbaycanın çox tanınmış ziyalıları, müəllimləri ilə ünsiyyətdə olmuşam. Öz peşəkar təcrübəsindən irəli gələrək bu gün gənc müəllimlər, eləcədə fəaliyyətdə olan bir sıra pedaqoqlar üçün tədris vəsait kimi istifadə oluna biləcək bir kitabı yazdığına və işıq üzü gördüyünə görə çox sevinirəm. Çox mükəmməl bir kitabdır. Kitabla tanış olduqdan sonra gördüm ki, maraqlı, məzmunlu, əhatəli yazılıb. Gələcəyimiz savadlı, ziyalı bir nəsilə etibar olunmalıdır. Çox sağ olun ki, belə bir kitab yazmısınız, öz zəhmətinizi əsirgəməmisiniz. Çox istərdim ki, digər müəllimlər də bundan örnək götürsünlər".
Bakı Mühəndislik Universitetinin digər prorektoru Elçin Süleymanov "İdeal müəllim" kitabını belə xarakterizə edib: "Bəhman müəllimi 15 ilə yaxındır ki, tanıyıram. İlk görüşdüyüm vaxt demişdi ki, "İdeal müəllim" adlı bir kitab yazıram. Artıq həmin əlamətdar günü yaşadıq. Bu kitabı vərəqləyərkən pafoslu, artıq bir cümlə görmədim. Bəhmən müəllim yaşadıqlarını yazıb və ya yazdıqlarını yaşamağa çalışıb. İdeal müəllim necə olmalıdırsa, Bəhman müəllimə, onun fəaliyyətinə baxmaq yetərlidir. Hər zaman universitetdə tələbələrinin, məktəbdə şagirdlərinin əhatəsində olan bir insandır. Onun şagirdlərin təhsilə yönəlməsi istiqamətində yorulmadan çalışdığının şahidi oluruq. Şam əriyərkən qaranlığı necə aydınladırsa, cəmiyyəti aydınladan da ideal müəllimlər olmalıdır. İstehsalatda bir xəta o malı alan müştəriyə təsir göstərir, amma insan yetişdirən müəssisələrin xətası daha sonra Hitlerlər, Qəddafilər kimi diktatorlar yetişdirə bilər. İdeal müəllimlər cəmiyyətə ümummilli liderimiz kimi cəmiyyəti xilas eləyən, cəmiyyətə böyük dəyərlər qatan insanlar yetişdirir. Bunların hamısı müəllimlərin məhsuludur. Bu kitabı oxuyan gənc müəllimlər ideal nəsil yetişdirməkdə əhəmiyyətli bir mənbə əldə etmiş oldular. Bəhman müəllimin təhsil ictimaiyyətinə bu töhfəsi inşallah, gələcəkdə real həyatda öz əksini göstərmiş olar. Bəhmən müəllimin axırıncı yox, axarıncı kitabı olsun".
Tədbirdə çıxış edənlərin hər biri "İdeal müəllim" kitabının gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması baxımından dəyərli əsər olduğunu vurğulayaraq, belə bir kibatın yazılıb ərsəyə gətirilməsini reallaşdırdığı üçün müəllifə təşəkkürlərini bildirdilər.
Sonra müəllif Bəhman Məmmədov kitab haqqında öz fikirlərini bölüşdü. Vurğuladı ki, "İdeal müəllim" bizim xəyallarımızdır, arzularımızdır, hədəflərimizdir: "Bir var müəllimlik etmək, bir var müəllim olmaq. Müəllimlik etmək - bu bir ixtisasdır, müəllim olmaq isə bir sənətdir. İstər Mingəçevirdə, istər Şəkidə, istər Qubada olanda oradakı dövlət kitabxanalarına gedib pedaqoji əsərlərin demək olar ki, hamısını oxudum. Atam məni həkim görmək istəyirdi. Məndən böyük bacı və qardaşım həkimdir. Ancaq mən düşünürdüm ki, həkim olaramsa, bir xəstə insanı sağaldaram, müəllim olaramsa, insanlığı sağaltmağa çalışarsan. Bu niyyətlə mən müəllim oldum. Atam bu seçimi etdiyimə görə məni övladlıqdan çıxartdı. Hətta son günə qədər mənə "get, həkim ol" dedi. Kitabda yazdıqlarımı çox sadə, anlaşıqlı və lətifələrlə verməyə çalışmışam. Elmilikdən uzaqlaşdım və sadəliyə üstünlük verdim. Ümidvaram ki, kitab təhsil ictimaiyyəti tərəfindən də maraqla qarşılanacaq".
Qeyd edək ki, kitab tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
SabirBaxşalıyev

 

http://www.hafta.az/index2.php?m=yazi&id=217773

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018